Şəki şəhər Lütfəli Abdullayev adına Diyarşünaslıq klubu və Mirzə Fətəli Axundzadənin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan kəlağayısı gününə (26 noyabr) həsr olunmuş "Milli dəyərlərimizi qoruyaq" mövzusunda ədəbi-bədii gecə keçirilib.
Çıxışlarda kəlağayının yaranma tarixindən, istehsal texnologiyasından, əsrlər boyu qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsindən və müasir dövrümüzdə qadınların geyim nümunələri arasında öz aktuallığını saxlamağından bəhs edilib. Bildirilib ki, 2014-cü il noyabrın 26-da kəlağayı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilərək bəşəriyyətin incisi statusu qazanıb.
***
Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Anam kəlağayılı bir muğam idi...” adlı tematik gecə keçirilib.
Çıxış edənlər kəlağayının Azərbaycan xanımlarının ismətini, ləyaqətini, həmçinin xalqımızın estetik zövqünü, mədəniyyətini özündə yaşadan bir dəyər olduğunu söyləyiblər. Kəlağayının tarixi, istehsalı, növləri haqqında geniş məlumat verilib.
Sonda kəlağayının hazırlanmasını özündə əks etdirən videoçarx təqdim edilib.