Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 1 dekabr – Dünya QİÇS-lə mübarizə günü ilə əlaqədar maarifləndirici söhbət keçirib.
Kitabxananın əməkdaşı əlamətdar günün yaranma tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günü 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
Qeyd olunub ki, QİÇS xəstəliyi bəşəriyyət üçün böyük bəlalardandır və cəmiyyətin sağlam inkişafına ciddi təhlükə yaradır. Bu xəstəliyə yoluxmamaq üçün gənc nəsil zərərli vərdişlərdən uzaq durmalıdır.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.