Noyabrın 30-da 21-ci Ankara Kitab Sərgisi çərçivəsində “Nizami Gəncəvi: Türk dünyasının qürur mənbəyi, dünya poeziyasının incisi” mövzusunda beynəlxalq konfrans, habelə “İsgəndərnamə” poemasının orijinaldan türkcəyə tərcüməsinin təqdimatı olub.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və respublikamızın Ankaradakı səfirliyinin yanında Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, nizamişünas alim, dosent Təhminə Bədəlova müzakirələrə moderatorluq edib.

O, dahi Nizaminin əsərlərinin zamanın sınağından keçdiyini və əsrlərdən sonra haqlı olaraq dünya poeziyasının şah əsərləri sırasına daxil edildiyini vurğulayıb. “Nizaminin ədəbi irsi geniş və çoxşaxəlidir. Şairin riyaziyyat, astronomiya, fəlsəfə, tarix, coğrafiya, filologiya, memarlıq kimi fundamental elmlərdə dərin biliyini nümayiş etdirən “Xəmsə” (“Beşlik”) - beş poeması mütəfəkkirə dünya şöhrəti gətirdi”, - deyə o bəhs edib.

Alimin sözlərinə görə, şairin əsərlərini diqqətlə oxuyandan sonra belə qənaətə gəlmək olar ki, Nizami öz dövrünün ən savadlı adamlarından biri olub, müasirlərini narahat edən problemlərə dərindən bələd olub.