Olaylar, faktlar (2 – 5 dekabr)

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

 

514 il əvvəl...

 

2 dekabr 1510-cu ildə Səfəvi qoşunları ilə Xorasanda hakim olan Şeybanilər (özbək) ordusu arasında Mərv döyüşü olub. Səfəvi qoşunları qalib gəliblər və Xorasan vilayəti Səfəvi imperatorluğunun tərkibinə qatılıb. Bununla Şah İsmayıl indiki İranın bütün ərazisini öz hakimiyyəti altına alıb.

 

216 il əvvəl...

 

4 dekabr 1808-ci ildə İspaniyanı işğal edən Fransa imperatoru Napoleon Bonapart ölkədəki inkvizisiya məhkəməsini ləğv edib. Avropada sonuncu inkvizisiya məhkəməsi İspaniyada qalmışdı. Roma Katolik Kilsəsinin tabeçiliyində olan və dinə qarşı çıxanları mühakimə edən inkvizisiyanın ləğvi Napoleonun Avropada nüfuzunu artırıb.

 

104 il əvvəl...

 

2 dekabr 1920-ci ildə Mustafa Kamalın rəhbərliyi altındakı Türkiyə qoşunları məğlubiyyətə uğratdığı daşnak Ermənistan Respublikasını Gümrüdə təslimçi sülh sazişi imzalamağa məcbur edib. Sazişlə erməni tərəf Sevr müqaviləsindən (10 avqust 1920-ci ildə Antanta ilə Osmanlı arasında bağlanan müqavilədə Qars vilayətinin Ermənistana verilməsi barədə müddəa da vardı) imtina edir, üstəlik, Gümrünü Türkiyəyə verməyə razılaşırdı. Lakin daşnaklar bu sazişi imzalayanda ölkəyə faktiki nəzarəti itirmişdilər, İrəvanda sovet hakimiyyəti (29 noyabr) qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyini alaraq Gümrü sazişini rədd etdi. Bununla belə, 16 mart 1921-ci ildə Qars müqaviləsi ilə Türkiyəyə ərazi iddiasından vaz keçməli oldu.

 

71 il əvvəl...

 

2 dekabr 1953-cü ildə Fransanın müstəmləkəsi Laos müstəqilliyini elan edib. 1893-cü ildə Fransanın müstəmləkəsinə çevrilən Laos İkinci Dünya müharibəsində Yaponiyanın işğalı altına düşmüş, 1946-cı ildə Fransanın nəzarətinə keçmişdi.

 

53 il əvvəl...

 

2 dekabr 1971-ci ildə Ərəbistan yarımadasının şimal-şərqində yerləşən altı ərəb əmirliyinin vahid dövləti – Birləşmiş Ərəb Əmirlikləri yaradılıb. BƏƏ federativ dövlət quruluşuna malikdir, Abu-Dabi (ölkənin paytaxtı), Dubay və Şərca daha çox inkişaf etmiş əmirliklərdir.

 

16 il əvvəl...

 

2-3 dekabr 2008-ci ildə Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı konfransı keçirilib. Azərbaycan tərəfdən konfransa İslam ölkələri də dəvət olunub. İlk dəfə Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirləri bir araya gəliblər. Konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin əsası qoyulub.

 

12 il əvvəl...

 

5 dekabr 2012-ci ildə UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Tar alətinin hazırlanması və tar ifaçılıq sənəti” nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

 

11 il əvvəl...

 

3 dekabr 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb.

Hazırladı: V.Orxan