Şəhidlər qanları, canları ilə tarix yazdılar. Torpağa düşən hər bir damla qan bir millətin sabahına işıq oldu. Bəlkə də, çoxumuz onların son dəfə sevdiklərinə necə sarıldıqlarını heç təsəvvürə belə gətirə bilmirik... Ancaq məlum olan bir şey var ki, hər bir şəhidin qəlbindəki qəhrəmanlıq atəşi azad etdikləri torpaqlarımızda atdıqları ilk addımlarda parladı...
“Vətən fədailəri” rubrikasında bu dəfə şəhid İslam Dünyamalıyevdən söz açacağıq.
İslam Teymur oğlu Dünyamalıyev 2004-cü il iyunun 25-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Məmiş Abdullayev adına Muradxan kənd tam orta məktəbini bitirdikdən sonra əsgərliyə gedib.
2023-cü ilin 19-20 sentyabr tarixlərində düşməni doğma yurdumuzdan tamamilə təmizləmək, uzun illərdir Qarabağda kök salmış erməni separatizminin axırına çıxmaq məqsədilə müzəffər Ordumuz tərəfindən lokal xarakterli antiterror əməliyyatı həyata keçirildi. İslam da bu şərəfli missiyada iştirak etdi, Ağdərə rayonunun Sırxavənd kəndində şəhidlik zirvəsinə yüksəldi.
Doğulduğu Muradxan kənd qəbiristanlığında torpağa tapşırılan İslam Dünyamalıyev ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Anası Gülşən Dünyamalıyeva İslamı və digər oğlunu çətinliklərlə böyütdüyünü deyir: “İslamın atası Teymur Dünyamalıyev şəhid balamın 6 yaşı olanda ürək çatışmazlığından dünyasını dəyişdi. İslamı və digər oğlum Həsəni öz zəhmətimlə böyütmüşəm. Həsən İslamdan 7 yaş böyük idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək böyük şücaət göstərmişdi”.
Gülşən ana İslamla sonuncu dəfə 2023-cü il sentyabrın 14-də əlaqə saxladığını deyir: “Sonuncu danışığımızda mənə “Ana, biz qəhrəman olmağa gedəcəyik. Əgər qismət olsa, sağ-salamat gələrəm. Amma şəhid olsam, ağlama, Vətən sağ olsun!” dedi. Mənimlə və qardaşıyla halallaşdı. Döyüşlər zamanı İslam qolundan yaralansa da, sonadək qəhrəmancasına döyüşərək şəhadət şərbətini içdi. Silah yoldaşlarının dediyinə görə oğlum son nəfəsini verənədək uca Allahdan mənə səbir diləyib...”.
Şəhidin qardaşı Həsən bildirir ki, İslam ondan yaşda kiçik olsa da, ona ata deyə müraciət edirmiş: “2014-cü ildə mən hərbi xidmətə gedəndə anamı İslama əmanət etdim. Onun yaşı az olsa da, kənddə işləyib anama köməklik edirdi. Hətta mən Aprel döyüşlərində olanda anamın göz yaşlarına dözməyib ona deyib ki, qoy böyüyüb əsgər gedim, qardaşımı incidənlərin cəzasını verəcəyəm. Bizim evimiz yox idi. Əsgərlikdən qayıdandan sonra İslamla əl-ələ verib ev tikdik. İslam həmişə deyirdi ki, anamı elə yaşadacağam ki... Mən həmişə qardaşımla fəxr edirdim, indi lap çox fəxr edirəm. İslam bizim başımızı ucalardan uca elədi...”.
Şəhidin bibisi oğlu Asif Musayev İslamın anasına çox bağlı olduğunu deyir: “Ona demişdim ki, gəlsin mənimlə birgə işləyək. İslam anasına çox bağlı olduğu üçün deyirdi ki, mən sizdə qalsam, anam bəs necə olacaq? Əsgərlikdə olan zaman İslamın yanına tez-tez gedirdim. Ətraflı hal-əhval tuta bilmirdim. Elə bil şəhid olacağını hiss etmişdi. Deyirdi ki, mənə nəsə olsa, anam nə edəcək? Allah bütün şəhidlərimizə rəhmət eləsin...”.
Ruhu şad olsun.
Nurəddin