Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 100 illiyi çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri təşkil ediləcək.

Mərkəzdən bildirilib ki, ustad dərsləri dekabrın 9-dan 14-dək Şəki şəhərinin 4 nömrəli uşaq musiqi məktəbində tar ifaçısı, Əməkdar artist Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən keçiriləcək.

Ustad dərsinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, lazımi metodiki köməyin göstərilməsi, həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərinin artırılmasıdır.