Tanınmış rəssam, heykəltaraş, pedaqoq Əsgər Kərimov 29 noyabr 2024-cü il tarixində, 83 yaşında Türkiyənin İsparta şəhərində vəfat edib.

Əsgər Şakir oğlu Kərimov 10 fevral 1941-ci il tarixdə Şəki şəhərində anadan olub. 1960–1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1969–1975-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. 1975–1982-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU), 1982–2000-ci illərdə Azərbaycanın bir sıra ali təhsil ocaqlarında rəsm, kompozisiya və heykəltaraşlıq fənlərindən dərs deyib. Azərbaycan Universitetinin professoru və dizayn kafedrasının müdiri olub.

Əsgər Kərimov Tbilisi Rəssamlıq Akademiyasında təhsil alarkən respublika, ümumittifaq və xarici sərgilərdə öz əsərlərini nümayiş etdirib. “Odlar yurdu” əsəri Drezden muzeyinin (Almaniya) daimi eksponatına çevrilib. Akademiyanı bitirərkən diplom işi Nizami Gəncəvinin “İskəndərnamə” əsəri əsasında yaratdığı üç hissədən ibarət “Odlar diyarı” adlı barelyefi olub. Bu əsər sonradan Sov.İKP MK-nın Gürcüstanın Risunda şəhərindəki istirahət evinin – MK-nın baş katibinin qəbul otağının divarına vurulub.

1979-cu ildə Azərbaycanın Xalq rəssamı Cəlal Qaryağdı ilə birlikdə Bərdədə II Dünya müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş kompleksini ərsəyə gətirib.

Mirzə Fətəli Axundzadənin Şəki şəhərindəki abidəsi, Aşıq Molla Cümənin, İsmayıl bəy Qutqaşınlının məzarüstü abidələrinin və digər əsərlərin müəllifi olan Əsgər Kərimov 2000-ci ildən Türkiyənin İsparta şəhərində yaşayıb fəaliyyət göstərirdi. Onun hazırladığı abidələr ölkəmizin bir sıra şəhərləri ilə yanaşı, Ukrayna və Türkiyədə də qoyulub.

Sənətkar İsparta şəhərində həyat yoldaşının məzarı yanında dəfn olunub.

Allah rəhmət eləsin.