Azərbaycan Dövlət Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşa hazırlanır.
Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan “Yalquzaq” adlı birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxacaq. Parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində (qumla rəsmlərin müəllifi Lalə Hüseynzadədir) vizual həllə nail olunub.
Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana qurd), Nərmin Əhmədova (Simurq quşu), Araz Həsənli (Baybora) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.
Səhnə əsəri düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub.
Balaca teatrsevərlər tamaşa vasitəsilə insanlarla heyvanların, vəhşi təbiətlə cəmiyyətin təmasının müsbət nəticələri ilə tanış olacaqlar.
Yalquzağın timsalında qurdların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı intiqam ruhunda tərbiyəsi, güclü və ədalətli varlığa çevrilməsi də təsvir olunur.
Simurq quşunun köməyi ilə insanlara qoşulan Yalquzaq dara düşən qurd ailəsini də unutmur. Həmçinin zamanında onun doğmalarını öldürüb yurd-yuvasını viran qoyan yağılardan da qisasını alır.
Nəticədə ətrafına güclü dostlar toplayan Yalquzaq haqqın zəfərinə inamın nümunəsi kimi dillər əzbərinə çevrilir.