Azərbaycan təsviri sənətində böyük iz qoymuş rəssamlar arasında bu il 100 illik yubileyi olan Vəcihə Səmədovanın (1924–1965) xüsusi yeri var. O, Qısa həyatına zəngin yaradıcılıq irsi sığdırmış  rəssam idi.

Rəssam yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəyli obrazına, onun həyatına da diqqət ayırıb. “Üzeyir Hacıbəyov tələbələri arasında” adlı tablo Vəcihə Səmədovanın diplom işi idi. Moskvada kurs rəhbəri (V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu) Pavel Korinin rəhbərliyi altında çəkilmiş əsər əla qiymətlərlə müdafiə edilmişdi. Rəsmin adı “Azərbaycan bəstəkarları” olsa da, çox vaxt “Üzeyir Hacıbəyov tələbələri arasında” və ya “Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarları arasında” adlandırılır.

Əsər yağlı boya ilə kətan üzərində çəkilib. Tabloda Üzeyir bəy istedadlı tələbələri – Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ədilə Hüseynzadə ilə birlikdə digər yetirməsi Elmira Nəzirovanın pianoda ifasını dinləyərkən təsvir edilib.

Hazırda bu rəsm əsəri Üzeyir Hacıbəylinin Ev-Muzeyində nümayiş etdirilir.

Bundan əlavə, rəssamın “Üzeyir Hacıbəyovun mənzili” adlı əsəri də var. Yağlı boya ilə çəkilmiş bu əsər Milli İncəsənət Muzeyindədir.

Rəsmdə dahi bəstəkarın iş otağı təsvir edilib. Əsərdə ilk olaraq diqqəti 1945-ci ildə bəstəkarın 60 illik yubileyi münasibətilə Azərbaycan Elmlər Akademiyası tərəfindən ona (Üzeyir Hacıbəyli həmin il yaradılan akademiyanın ilk üzvlərindən biri idi – red.) hədiyyə etdiyi xalça cəlb edir.

Üzeyir bəy təkcə musiqimizin deyil, həm də incəsənətin müxtəlif sahələrinin ilham mənbəyi olub. Onun bəstəkar kimi fəaliyyətini əks etdirən rəsm əsərləri böyük sənətkarın, musiqidə olduğu kimi, təsviri sənətdə də öz izini qoyduğunu və mədəniyyət tariximizdə əvəzsiz rol oynadığını nümayiş etdirir.

Ləman Həsənova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin əməkdaşı