Olaylar, faktlar (6 – 9 dekabr)

 

143 il əvvəl...

 

6 dekabr 1881-ci ildə Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon rabitə xətti istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr “Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.

 

110 il əvvəl...

 

9 dekabr 1914-cü ildə Birinci Dünya müharibəsi gedişində Rusiya və Osmanlı qoşunları arasında ilk irimiqyaslı toqquşma – Sarıqamış döyüşü başlanıb. 5 yanvar 1915-ci ilədək davam edən döyüşdə türk qoşunlarının məğlubiyyəti rus qoşunlarının həmin il ölkənin şimal-şərq bölgələrini işğal etməsinə imkan yaratdı.

 

107 il əvvəl...

 

6 dekabr 1917-ci ildə çar Rusiyasının müstəmləkəsi Finlandiya müstəqilliyini elan edib. Finlandiya 1809-cu ildə Rusiya-İsveç müharibəsi gedişində İsveç Krallığının nəzarətindən çıxarılaraq muxtar knyazlıq statusu ilə Rusiyaya birləşdirilmişdi.

 

106 il əvvəl...

 

7 dekabr 1918-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutunun binası) Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başlayıb. “Müsavat” fraksiyasının (lideri M.Ə.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov sədr, Həsən bəy Ağayev onun müavini seçilib. 120 yerlik parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı. Parlamentdə 80 azərbaycanlı, 21 erməni, 10 rus deputat vardı. Alman, yəhudi, gürcü və polyak icmalarının hərəsinə 1 yer, həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi.

 

83 il əvvəl...

 

7 dekabr 1941-ci ildə ABŞ II Dünya müharibəsində ən böyük itkiyə məruz qalıb. ABŞ Hərbi Hava Qüvvələrinin Havay adalarındakı (Sakit okean) Perl-Harbor bazası Yaponiya təyyarələrinin hücumuna məruz qalıb. Bombardman nəticəsində ABŞ-nin bazadakı donanması (18 gəmi, 200 təyyarə) sıradan çıxarılıb, 3400-ə yaxın hərbçi  həlak olub. Amerikalılar Perl-Harborun qisasını 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə bombası atmaqla aldılar.

 

36 il əvvəl...

 

7 dekabr 1988-ci ildə Ermənistanda baş verən 7,2 bal gücündə zəlzələ (episentri Spitak şəhəri) nəticəsində 20 mindən çox adam həlak olub. Bu hadisə ilə dünyanın humanitar diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deportasiyasını başa çatdırdı, dünya isə bunu faktiki olaraq görmədi.

 

33 il əvvəl...

 

8 dekabr 1991-ci ildə Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejsk” qoruğundakı hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Dekabrın 21-də 11 sovet respublikasının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər. Baltikyanı respublikalar imtina etdilər, Gürcüstan isə 1993-cü ildə MDB-yə daxil oldu.

9 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Dakarda (Seneqal) keçirilən sammitində Azərbaycan Respublikası üzvlüyə qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi.

Hazırladı: V.Orxan