Dekabrın 5-də Bakı Konqres Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib.

Forum Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə dekabrın 5-də başlayan “Azərbaycan Könüllülük Həftəsi – 2024” çərçivəsində gerçəkləşib.

Forum məkanında könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan istifadə edilməklə hazırlanan əl işlərindən ibarət “Tullantıdan sənətə” adlı sərgi də təqdim olunub.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə qeyd olunur ki, Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərində ölkəmizdə başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin dəstəyi sayəsində sıraları genişlənən bu hərəkat cəmiyyət həyatının bütün sahələrinə nüfuz edib.

Forumun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Könüllülərimiz ölkəmizdə dünyanın ən irimiqyaslı tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

“Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər”, – deyə müraciətdə vurğulanır.

Tədbirdə “Yaşıl Azərbaycan”, “Azərbaycan Könüllüləri”, Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2024-cü il hesabatlarının əks olunduğu videoçarxlar izlənilib.

Çıxışlarda könüllülük fəaliyyətinin önəmi, onun inkişafı, COP29 beynəlxalq iqlim konfransında Azərbaycan könüllülərinin fəallığı diqqətə çatdırılıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev forum iştirakçılarına ittifaqın fəaliyyəti və 2024-cü ildə həyata keçirdiyi layihələr barədə məlumat verib, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan ekoloji təşəbbüsləri və COP29-un keçirilməsində könüllülərin fəal iştirakını nəzərə çatdırıb.

Forum çərçivəsində gənclər 2024-cü il üzrə “İlin könüllüsü” mükafatı (5 nominasiya) ilə təltif olunublar.