Dekabrın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyinə həsr olunmuş “Maarif ziyasını yayanlar” mövzusunda ədəbi tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynovun “İşığı sönməyən Həbib bəy Mahmudbəyov” adlı məruzəsi dinlənilib. Akademik bildirib ki, Həbib bəy Mahmudbəyov ötən əsrin əvvəllərində Azərbaycan maarifçiliyində və mədəniyyətin inkişafında xidmətlər göstərmiş ziyalılarımızdan biridir. O, özü kimi fədakar və maarifpərvər insanları ətrafına toplayaraq rus-müsəlman kitabxanası yaradıb.

Diqqətə çatdırılıb ki, Həbib bəy Mahmudbəyov görkəmli yazıçı və ictimai xadim Sultan Məcid Qənizadə ilə birlikdə Tbilisidə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirdikdən sonra Bakıda ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyub. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olub.

“Həbib bəy Mahmudbəyov pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan teatrının yaranması istiqamətində də mühüm xidmətlər göstərib”, - deyə bildirən akademik Rafael Hüseynov vurğulayıb ki, Həbib bəy Mahmudbəyovun qoyduğu yol uğurla davam edib, o, böyük bir maarifçilər nəsli yetişdirib. Görkəmli ədib, həmçinin Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan Müəllimlərinin Birinci Qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edib.

Həbib bəy Mahmudbəyovu bilikli, ziyalı, xeyirxah şəxsiyyət kimi xarakterizə edən muzeyin direktoru onun yeni nəsil Azərbaycan ziyalılarının yetişməsində böyük rolu olduğunu söyləyib. Akademik Rafael Hüseynov Azərbaycanda Həbib bəy Mahmudbəyovun xatirəsinin daim hörmətlə anıldığını bildirib. Qeyd edib ki, Bakıdakı 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinə onun adı verilib.

Tədbirin ədəbi hissəsi muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Afət Qədirova, muzeyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran Qənbərli və rəssam Elina Lobodenko tərəfindən hazırlanıb.

Daha sonra Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin və digər məktəblərin şagirdlərinin ifasında rus-Azərbaycan məktəbinin müəllimləri olmuş görkəmli ədiblərin və müdavimlərin əsərlərindən nümunələr səsləndirilib, səhnəciklər göstərilib.

Həmçinin liseyin XI sinif şagirdləri tərəfindən Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin!” şeiri və Üzeyir Hacıbəylinin “Millət geridə qaldı” felyetonu səsləndirilib.

Tədbirdə VII sinif şagirdlərinin iştirakı ilə Xalq şairi Süleyman Rüstəmin “Sağ ol, müəllimim Süleyman Sani!”, Abbas Səhhətin “İki uşaq”, Abdulla Şaiqin “Aslan, qurd və tülkü” və Sultan Məcid Qənizadənin “Nağıl” şeirləri səsləndirilib. Bundan başqa, Süleyman Sani Axundovun “Tutu quşu” nağılı, Tağı Şahbazi Simurqun “Quşlar kimi azadə” və Seyid Hüseynin “Yevlax-Şuşa yolu” əsərindən səhnəciklər göstərilib. Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ayxan Məmmədov isə Cəfər Cabbarlının “Salam” şeirini səsləndirib.

Sonda akademik Rafael Hüseynov tədbir iştirakçılarına Nizami Muzeyinin Fəxri fərmanlarını təqdim edib.