Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Ledi Maqbet” tamaşasının premyerası olub.

Vilyam Şekspirin “Maqbet” faciəsi əsasında hazırlanan səhnə əsəri Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefis tamaşadır.

Nümayişdən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Xalq artisti Nurəddin Mehdixanlı və sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə çıxış edərək Bəsti Cəfərovanın yaradıcılığı, səhnə fəaliyyəti və sənət yolu haqqında danışıblar.

Sonra tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlahə Həsənova, Elnur Qədirov, İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmli iştirak edirlər.

Rejissor yozumunda tamaşanın aparıcı obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsərdəki baş qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, əsas vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.

Maqbetin Dunkanı öldürməsi geriyə dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcburdurlar. Nəhayət, Maqbetin kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır...