Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrının "Prokuror" tamaşasının Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində premyerası olub.

Qeyd edək ki, Lənkəran teatrı səhnə əsərini Əməkdar hüquqşünas Tələt Qənbərovun (1932-1995) 100 illiyi 2022-ci ildə münasibətilə hazırlayıb.

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin qələmə aldığı "Prokuror" əsərinə ilk dəfə 1981-ci ildə Lənkəran Dövlət Dram Teatrının səhnəsində quruluş verilib. Uzun illərdən sonra teatr yenidən öz repertuarında bu əsərə yer verərək yenilənmiş heyət və quruluşda əsəri tamaşaçılara təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Saleh Əzimzadə, Şəbnəm Hüseynova, Vəfa Hacızadə, Teymur Hacızadə, Emil Rzayev Elvin Məmmədov ifa edirlər.

Gənc hüquqşünas Şöhrət Poladov Xınalı rayonunun prokuror təyin olunub. Anası Sona xanım oğlunun bu təyinatına əsla sevinmir. Məlum olur ki, onun

əri illər öncə Xınalıda qətlə yetirilib, amma cinayətin üstü hələ də açılmayıb. Sona xanım nə qədər çalışsa da, Şöhrəti Xınalı kəndinə getmək fikrindən döndərə bilmir. Şöhrəti Xınalı kəndində çətin işlər gözləyir. Belə ki, tikinti trestində cinayət hadisəsi baş verib, günahsız şəxs həbsxanaya salınıb. Əsl cinayətkarları ifşa etməkdən ötrü rayon prokuroru Şöhrət Poladovun bacarıq və peşəkarlığından çox şey asılıdır. Son nəticədə ədalət zəfər çalır, prokuror Poladovun gərgin səyləri ilə cinayətin səbəbkarları öz cəzasına çatır.

Səhnə əsəri böyük maraqla qarşılanıb.

Bildirək ki, “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdən ibarətdir.