14-15 dekabr tarixlərində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “CırtdaNino” adlı yeni tamaşanın premyerası keçirilib.
Yazıçı Pərvin Nurəliyevanın “Cırtdan” Azərbaycan xalq nağılının motivləri əsasında qələmə aldığı pyesə Elşad Rəhimzadə quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Nisə Həsənova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rejissor assistenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Birhissəli səhnə əsərində Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Nəsibə Eldarova, Elnur Bəhrəmxan, aktyorlar Anar Seyfullayev, Asya Atakişiyeva, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Mirzə ağa Mirzəyev, Aydan Həsənzadə, Ramil Məmmədov, İlhan Sadıqov, Anar Səfiyev, Aybəniz Heydərova, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, İmdad Tofiqoğlu iştirak edirlər.
Nağılda balaca tamaşaçılar Cırtdan və nağılın digər qəhrəmanlarından başqa yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olurlar. Nino Cırtdanı və onun dostlarını Yer planetindən başqa planetlərə səyahətə apararaq alimlərin, oyuncaqlar və sülhün var olduğu fərqli dünyalarla tanış edirlər.
Macəralarla dolu səhnə əsəri uşaqları yoldaşlığa, dostluğa və əmin-amanlığa səsləyən mesajlarla zəngindir. Tamaşa balaca teatrsevərlər tərəfindən maraqla qarşılanıb.