Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir.

Məlumatda diqqətə çatdırılır ki, ölkəmiz ilk dəfə D-8-də 2017-ci ildə İstanbulda Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi IX zirvə görüşündə təmsil olunub.

Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır.

Qahirə şəhərində keçirilən XI sammitdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Müsəlman dünyasının ən böyük ölkələrinin (Türkiyə, Pakistan, Banqladeş, İran, İndoneziya, Malayziya, Misir, Nigeriya) yer aldığı D-8-ə üzvlük Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.

Qeyd edək ki, D-8 təşəbbüsünün əsası 1996-cı il oktyabrın 22-də İstanbulda bu ölkələrin iştirakı ilə keçirilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın katibliyi İstanbulda yerləşir.

“Qardaş Azərbaycana təşkilatımıza xoş gəldin deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək" – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Qahirədə D-8 zirvə görüşündə deyib.

***

Prezident İlham Əliyev dekabrın 19-da Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı "X" platformasında paylaşım edib.

Paylaşımda deyilir:

Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir.