Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 100 illiyi çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin peşəkarlığının artırılması üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri keçirilib.

Mərkəzdən bildirilib ki, Şəki şəhərindəki 4 nömrəli uşaq musiqi məktəbində 6 gün davam edən ustad dərsləri tar ixtisası üzrə Əməkdar artist Neymət Mürsəlov, kamança ixtisası üzrə Fariz Hüseynov tərəfindən aparılıb.

Dərslərin keçirilməsində məqsəd təhsilin səviyyəsinin yüksəldilməsi, maarifləndirmə işinin təşkili, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, yerlədə lazımi metodiki köməkliyin göstərilməsi, müəllim və şagirdlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərinin artırılmasıdır.

Dərslərdə tar ixtisası üzrə tarın tutulma qaydalarına, ifa zamanı barmaqların simlər üzərinə applikaturaya uyğun əməl etmək şərti ilə ardıcıl qoyuluşu, şagirdlərin texniki imkanlarının artırılması məqsədilə qamma və etüd məşğələlərinə mütəmadi olaraq riayət edilməsinin zəruri olduğu qeyd olunub. Eyni zamanda, proqramda ifa edilən hər bir əsərin xarakterini dinləyiciyə düzgün çatdırmaq məqsədilə nüans və ştrixlərə xüsusi diqqət yetirilməli olduğu vurğulanıb. Kamança ixtisası üzrə isə kamanın tutulma qaydası, pozisiyalardan düzgün istifadə, qammaların və etüdlərin daha çox ştrixlərlə çalınması haqqında ətraflı məlumat verilib.

Ustad dərslərinin sonunda diskussiya xarakterli fikir mübadiləsi aparılıb, müəllimləri narahat edən məsələlər müzakirə olunub, suallar cavablandırılıb.