Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar artist Vaqif Mustafazadənin (1940–1979) anım günü (16 dekabr) münasibətilə “Maestroya sevgi ilə” adlı musiqi axşamı keçirilib.
Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun təşkil etdiyi konsertdə istedadlı cazmenlər Xalq artisti Salman Qəmbərov, Əməkdar artistlər Şahin Növrəsli, Emil Əfrasiyab, İsfar Sarabski, Moskva Dövlət Akademik Filarmoniyasının solisti Riad Məmmədov çıxış ediblər.
Vaqif Mustafazadənin “Muğam”, “Xatirələr”, “Əzizənin intizarında”, “Bahar”, “Aman ovçu” əsərləri, eləcə də John Coltranenin məşhur əsərləri səsləndirilib.
Gecədə Vaqif Mustafazadənin yaradıcılığına xas olan coşqu və lirik hisslər musiqi dili ilə bir-birini əvəz edib. Əməkdar artist Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov və Həsən Bilalov (zərb alətləri), konsertin qonağı Rusiyadan dəvət olunan caz ifaçısı Yakov Okun dəyərli fikirləri və özünəməxsus improvizəsi ilə musiqi gecəsinə rəng qatıblar.
Lirik ruhda keçən tədbirin aparıcısı Əməkdar artist Firdovsi Atakişiyev olub.