Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni, Xalq artisti Oqtay Ağayevin 90 illiyinə həsr olunmuş “Kimsən sən...” konsert proqramı təqdim olunub.
Konsertdə ölməz sənətkarın repertuarından mahnılar səsləndirilib. Tədbirdə, həmçinin Oqtay Ağayevin zəngin yaradıcılığını əks etdirən videogörüntülər nümayiş edilib.
Sonda Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayeva çıxış edərək Xalq artistinin həyat və yaradıcılığından bəhs edib, onun böyük sənətinin bu gün də Azərbaycanın gənc musiqiçilərinə, müğənnilərinə mayak olduğunu deyib.
Konsert proqramını ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, ölkəmizin bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, musiqisevərlər və Oqtay Ağayev sənətinin pərəstişkarları izləyiblər.