Dekabrın 17-də “Gənclərin roman müsabiqəsi – 2”nin mükafatlandırma mərasimi və “TEAS Press” Nəşriyyat Evinin 10 illik hesabat tədbiri keçirilib.
“LİBRAFF”ın “Park Akademiya” filialında keçirilən tədbirdə ictimai xadimlər, ədəbiyyatşünaslar və yazarlar iştirak ediblər.
Qeyd olunub ki, “TEAS Press”in həyata keçirdiyi müsabiqənin məqsədi ölkəmizdə ədəbiyyatın zənginləşdirilməsi, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılması və ədəbi rəqabət mühitinin inkişafına təkan verilməsi, yeni imzaların üzə çıxmasına şərait yaradılmasından ibarətdir.
Bildirilib ki, gənc müəlliflər tərəfindən təqdim olunan əsərlər 4 ay ərzində peşəkar münsiflər heyəti tərəfindən oxunaraq qiymətləndirilib və meyarlara uyğun gələn ilk üç roman qalib elan edilib.
Orxan Həsənli “Hürr” əsəri ilə I, Vasif Zahidov “Sonuncu istintaq” əsərinə görə II, Mahir Abbasov isə “Şərin qürubu” əsəri ilə III yerlərə layiq görülüblər.
Qaliblərə müvafiq olaraq, 3000, 2000 və 1500 manat pul mükafatı verilib. Birinci yeri tutan əsərin ˝TEAS Press˝ tərəfindən çapı nəzərdə tutulur.
Tədbirdə həmçinin “TEAS Press˝ nəşriyyatının 10 illik hesabatının təqdimatı da olub. Çıxış edənlər nəşriyyatın fəaliyyətini və müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər.