Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalarda tətbiq edilən KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsi Texniki xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Azərbaycan Milli Kitabxanasına dəvət ediliblər.

Dekabrın 18-də kitabxanada keçirilən görüşdə direktor Kərim Tahirov bildirib ki, KOHA sisteminin şəhər və rayonlarda tətbiqi iki ildir həyata keçirilir və bu, kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. Qeyd edilib ki, Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq təlimdə məqsəd qarşıya çıxan problemlərin birgə həllidir.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin sektor müdiri Xəyal Məmmədov KOHA sisteminin 100-dən artıq ölkədə tətbiq edildiyini deyib. O, nazirliyin tabeliyindəki kütləvi kitabxanalarda bu sistemin tətbiqi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Milli Kitabxananın Treninq mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak ediblər.

Bildirilib ki, təlimlərin növbəti mərhələləri Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan MKS-lərin əməkdaşları üçün (19 dekabr, Gəncə Mərkəzi Kitabxanası) və Quba-Xaçmaz RMİ-nin tabeliyində olan MKS-lərin əməkdaşları üçün (20 dekabr, Quba Mərkəzi Kitabxanası) nəzərdə tutulub.

Dekabrın 21-də isə türkiyəli mütəxəssislər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olacaq, tövsiyələrini verəcəklər.