Dekabrın 18-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusevlə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə akademik İsa Həbibbəyli akademiyanın son illərdə dünya elmində vacib qərarların qəbulunda söz sahibinə malik olan bir sıra beynəlxalq təşkilatlara üzv seçildiyini, bunlardan ilk təşkilatın isə AASSA olduğunu bildirib. Qeyd olunub ki, AMEA-nın bu assosiasiyaya üzv olduğu ötən iki il ərzində qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. AASSA-nın Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında ölkəmiz də təmsil olunub, həmçinin bu günlərdə Bakıda təşkil olunmuş “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda AASSA rəhbərliyi də iştirak edib.

AASSA prezidenti professor Əhməd Nuri Yurdusev də öz növbəsində AMEA-nın quruma üzv olduqdan sonra onun fəaliyyətində aktiv rol oynadığını, önəmli qərarların qəbulunda yaxından iştirak etdiyini, öz təkliflərini verdiyini bildirib.

“Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olmaqdan məmnunluq duyduğunu bildirən alim tədbirin Asiya xalqlarının mütəxəssisləri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verdiyini deyib. Həmçinin qeyd edib ki, AMEA bu cür sanballı konfransları keçirməklə AASSA-da humanitar sahədəki boşluğun doldurulmasına öz töhfəsini vermiş olur.

Söhbət zamanı əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Görüşdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva və həmin şöbənin müdir müavini Samir Səttarov da iştirak ediblər.