Moskvadakı “Paytaxt rəssamlar qalereyası”nda Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi təşkil edilib. Sərgidə müəllifin 40-dan çox əsəri – natürmort, portret, mənzərə, qrafika nümayiş etdirilir.
Rəssam qeyd edib ki, nar və onunla bağlı qədim adət-ənənələr Azərbaycan xalqının həyatında, folklorunda, mifologiyasında xüsusi yer tutur: “Mənim yaradıcılığımda da narın xüsusi yeri var. Nar kainatın görünüşüdür, onun dənələri isə həm də səma cisimlərini əks etdirir və mənim üçün onun hər bir dənəsi tam bir dünyadır. Ümummilli lider Heydər Əliyevin bizə vəsiyyət etdiyi kimi, Vətəndən uzaqlarda yaşayan azərbaycanlılar öz milli adət-ənənələrini, dillərini unutmamalıdır. Əsərlərimdə xalqımızın adət-ənənələrini, ruhunu çatdırmağa çalışıram”, - deyə o bildirib.
Əsgər Məmmədov Qarabağda dünyaya göz açıb. Gənc rəssam olarkən o, faciə ilə üzləşib: evində baş verən yanğın zamanı bütün əsərləri yanıb. Amma sənətkar həmişə ədalətin təntənəsinə inanıb: “İkinci Qarabağ müharibəsindən əvvəl Ağdamda sərgim keçirilirdi. Həmin vaxt Ağdamın bir hissəsi işğal altında idi. Rəsmlərimin nümayiş olunduğu binanın pəncərəsindən erməni postları, onların arxasında isə bir addım məsafəsində olan doğma torpaqlarımız görünürdü. O zaman “Xarıbülbül” tablosunun yaradılması ideyası ağlıma gəldi, kətanda təsvir olunan, qələbəmizin simvolu olan Xarıbülbülə uzanan qanayan əl”.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tatyana Şirokova bildirib ki, Əsgər Məmmədovun yaradıcılığı ilə 15 ildir ki, tanışam: “Nar dastanı” sərgisi məndə dərin təəssürat yaratdı. Rəsmlərdəki nar cücərtiləri bu gün çox aktual olan sülhə çağırışdır. Əsgər Məmmədov incə sənətkar, gözəl insandır və mən ona bundan sonra da yaradıcılıq uğurları arzulayıram”.
Əsgər Məmmədov Rusiya Rəssamlar İttifaqının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Rəssamın fərdi sərgiləri Fransa, İspaniya, İsrail, Türkiyə, Latviya, Rusiya və digər ölkələrdə keçirilib.