Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Cəsarət Səfərova həsr edilmiş “Cəsarətli qəhrəman” adlı anım tədbiri keçirilib.
Tədbirdə rəsmilər, şəhid ailələri, qazilər, veteranlar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qəhrəman şəhidə həsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Ordumuzun qazandığı şanlı Zəfərdən danışıblar. Qeyd olunub ki, xalqımız şəhidlərin xatirəsini hər zaman ehtiramla yad edir. Onların fədakarlığı yeni nəsillər üçün əsl örnəkdir.
Şəhid Cəsarət Səfərovun ailə üzvləri oğulları ilə bağlı xatirələrini bölüşüblər.
Bədii hissədə rayon məktəblilərinin ifasında şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə şəhid Cəsarət Səfərov ölümündən sonra Cəbrayıl, Qubadlı və Laçının azad olunmasına görə medalları ilə təltif olunub.