Məqsəd həmvətənlərimizin yaradıcı səylərini daha dolğun məcraya yönəltməkdir
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mədəniyyət xadimlərini bir araya gətirmək, onları doğma Vətəninin mədəni irsinin, incəsənətinin təbliği, eyni zamanda özlərinin yaradıcılığının tanıdılması üçün səylərini daha dolğun məcraya yönəltmək məqsədilə daha bir təşəbbüs həyata keçirilir.
Dekabrın 18-də İtaliyanın Roma şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı olub. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Bu məqsədlə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya paytaxtına səfər edib.
Toplantıda əvvəlcə beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə pianoda Azərbaycanın Dövlət Himnini səsləndirib. Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov açılış nitqində ölkəmizin mədəniyyət xadimlərini Romada görməkdən məmnunluğunu ifadə edib.
Mədəniyyət naziri Adil Kərimli çıxışında tədbirdə iştirak edənlərin hər birinin mədəniyyətimizin müxtəlif sahələri üzrə xüsusi nailiyyətləri ilə seçilən, onun təbliğinə töhfə verən, harada yaşamasından asılı olmayaraq, Azərbaycan milli kimliyinin daşıyıcıları olan dəyərli həmvətənlərimiz olduğunu bildirib.
Nazir qeyd edib ki, bu şəxslərin Azərbaycanın və onun zəngin mədəniyyətinin təbliğinə verdiyi töhfələr, Vətənə bağlılığı təqdirəlayiqdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva toplantıda iştirak edən mədəniyyət elçilərinin Azərbaycanın zəngin mədəni irsinin təbliğində müstəsna xidmətlər göstərdiyini bildiriblər.
Daha sonra toplantıda Azərbaycan mədəniyyətini xaricdə təbliğ edən sənət xadimlərinin çıxışları dinlənilib.
***
Romada bir araya gələn Azərbaycan mədəniyyətinin elçiləri şəhərin məşhur mədəni irs və incəsənət məkanlarını ziyarət ediblər. Səfər əsnasında müxtəlif görüşlər keçirilib.
Nümayəndə heyəti dekabrın 18-də Romada “Borghese” qalereyası ilə tanış olub.
Qalereyanın tarixi və buradakı incəsənət nümunələri barədə məlumat verilib. Bildirilib ki, “Villa Borghese” parkında yerləşən qalereya XVII əsrin əvvəllərində memar Flaminio Ponzio tərəfindən tikilib. Burada rəsm, heykəltaraşlıq və qədim əşya kolleksiyaları var.
Qeyd olunub ki, qalereyada məşhur sənətkarlardan Covanni Lorenzo Bernini, Mikelancelo Merisi da Karavaggio, Rafael, Titsian, Piter Paul Rubens, Aqnolo Bronzino və digərlərinin əsərləri sərgilənir. Qalereya 2014-cü ildən “dövlət muzeyi” statusu alıb.
***
Azərbaycan nümayəndə heyəti dekabrın 19-da Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib.
Ziyarət əsnasında mədəniyyət naziri Adil Kərimli muzeyin direktoru Françesko Stokki ilə görüşüb.
Naziri salamlayan direktor muzeyin tarixi və ekspozisiyası haqqında məlumat verib. Deyib ki, muzeydə müasir dövrün sənət nümunələri nümayiş etdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə böyük maraq göstərir.
Adil Kərimli ölkəmizin aparıcı muzey və sərgi zalları haqqında söz açıb. Bildirilib ki, Azərbaycanın muzeyləri Avropanın bir sıra muzeyləri ilə əməkdaşlıq edir. Eyni zamanda çağdaş Avropa rəssamlarının Bakıda sərgiləri təşkil olunur.
Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti muzeylə tanış olub.
***
İtaliyaya səfəri çərçivəsində nazir Adil Kərimli, mədəniyyət nümayəndələri Romadakı “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini də ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, xatirə şəkli çəkdirilib.
Abidə Nizami Gəncəvinin 870 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamının icrası ilə bağlı silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanaraq İtaliya paytaxtının məşhur parkında qoyulub. 2012-ci ilin aprelində açılışı olan abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.