Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və “Azerbaijan Kelagayı” markasının dəstəyi ilə Sofiyada kəlağayının Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Kəlağayı – Azərbaycanın ipək incisi” adlı tədbir həyata keçirilib.

Tədbirdə Azərbaycan qadınının rəmzi - kəlağayının UNESCO-nun siyahısına daxil edilməsinin çox vacib olduğu vurğulanıb. Onun sadəcə yaylıq və ya baş örtüyü olmadığı, çox zəhmət tələb edən və simvolizm, kompozisiyaların harmoniyası, rəng müxtəlifliyi nümayiş etdirən və öz növünə görə unikal olan qadın milli geyiminin tərkib hissəsi olan sənət əsəri olduğunu qeyd edilib. Tələbələr ənənəvi forması düzbucaq olan təqdim olunan ornamentlərdə çiçəklərin, quşların, dağların təsvirləri, lakin daha çox “buta” təsvirlərinin olduğunu danışıblar. Vurğulanıb ki, qədim ənənəyə görə, Azərbaycan qadını iki döyüşçünün arasına yaylığını atmaqla qanı, döyüşü və ya hətta müharibəni dayandırmaq gücünə malik olub. Həmçinin, kəlağayının sadəcə simvol deyil, sülhə çağırış olduğu qeyd edilib.

Təqdimatdan sonra kəlağayının hazırlanması prosesi və simvolikası və UNESCO-nun siyahısına daxil edilməsinin səbəbi haqqında qısametrajlı film nümayiş etdirilib. Azərbaycan qadının simvolu olan kəlağayı həmçinin tədbir zamanı sərgi olaraq qonaqlar üçün təqdim olunub. Azərbaycanın və dünya irsinin nadir elementi olan kəlağayı sənətinin xaricdə, o cümlədən Bolqarıstanda təbliğ olunması, milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərməklə onların dünyada tanınması və mədəniyyətimizin yayılması üçün əhəmiyyətli məqamdır.

Xatırladaq ki, noyabrın 26-sı Azərbaycanda Kəlağayı Günü kimi qeyd olunur və bu bayramın qeyd olunması 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib.