Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalarda tətbiq edilən KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi üzrə tədbir və təlimlər davam edir.

Dekabrın 20-də bu məqsədlə Azərbaycan Milli Kitabxanası tərəfindən dəvət olunan türkiyəli mütəxəssislər – Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsi Texniki xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təlim keçiblər.

Təlimdə KOHA sistemində texnoloji irəliləyişlər və təkmilləşdirmələrlə bağlı fikir mübadiləsi aparılıb, iş prosesinin daha sürətli və effektivliyinin artırılması üzrə metodlar izah edilib.

Türkiyəli mütəxəssislər dekabrın 21-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında da olublar.

Mütəxəssislər kitabxanaların iş prosesi ilə yaxından tanış olub, əməkdaşların suallarını cavablandırıb və tövsiyələrini veriblər.