Dekabrın 24-də Bakıda “İRS” silsiləsi çərçivəsində 2024-cü ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib.

“İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı müxtəlif dillərdə çap olunmuş kitablar haqqında məlumat verib. Vurğulayıb ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən nəşrlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli irsi dünyaya müxtəlif dillərdə təqdim olunur.

Baş redaktor diqqətə çatdırıb ki, “İrs” jurnalı 25 ildir işıq üzü görür və 20 dildə dünyaya yayımlanır. Jurnal ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını Azərbaycanın hüdudlarından kənarda tanıtmaq, orada yaşayan çoxsaylı soydaşlarımızı yenidən öz köklərinə qaytarmaq məqsədilə nəşr olunur. 2011-ci ildən isə “İrs” jurnalının materialları əsasında bu silsilədən tematik kitablar nəşr olunur. Ensiklopedik “İrs” kitabları Azərbaycanın xaricdə tanıdılması istiqamətində yeni səhifə açıb.

M.Mərcanlı bu il silsilədən işıq üzü görən beş kitab – “Qarabağ yeni sətirdən”, “COP29: Yaşıl ümid rəngidir”, “Şirvanşahların mininci ili”, “Şuşa” və “Kralların kitabı” haqqında məlumat verib. Bildirib ki, birinci kitab Qarabağın dirçəlişi ilə bağlıdır və bu, nəzərdə tutulan trilogiyanın bir cildidir. Kitabda Qarabağda aparılan tikinti, quruculuq, bərpa işləri, insanların qayıdışı barədə məlumatlar əksini tapıb: “Ümumilikdə Qarabağla bağlı 10-a yaxın kitab nəşr etmişik. Qarabağın mədəniyyəti, tarixi, incəsənəti o qədər zəngindir ki, onlar haqqında yazmaq, gələcək nəsillərə çatdırmaq olduqca vacibdir”.

Baş redaktor “İRS” silsiləsindən kitabların nəşrinə ilk gündən dəstək verən “Paşa Həyat Sığorta” şirkətinə xüsusi minnətdarlığını bildirib.

“Paşa Həyat Sığorta” ASC-nin idarə heyətinin sədri Niyaz İsmayılov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, “Şuşa” kitabının ərəb dilinə tərcüməçisi Əhməd Sami əl-Aydi (Misir) çıxış edərək “İRS” Nəşriyyat Evinin mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.

Vurğulanıb ki, “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara çatdırır.

Tədbirdə çıxışlar arasında musiqi nömrələri təqdim olunub.