Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda “Səyahət edən namələr” adlı beynəlxalq rəsm sərgisi açılıb. Sərgi NMR Rəssamlar Birliyi və Bakıdakı Rus Evinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Naxçıvan MR Rəssamlar Birliyinin sədri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə muxtariyyətin 100 illiyi qeyd olunur. Rəssamlar Birliyi də bu çərçivədə sayca 10-cu tədbirini keçirir. O cümlədən 3 beynəlxalq sərgi təşkil olunub.

Vurğulanıb ki, “Səyahət edən namələr” beynəlxalq incəsənət layihəsi Rusiyanın Tatarıstan Respublikasından olan rəssam və layihə kuratoru Alfiya İlyasova və Yakutiyadan olan rəssam Natalya Nikolayevnanın təşəbbüsü ilə həyata keçirilir.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və başqaları sərgi haqqında fikirlərini bölüşüb, rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Sonra sərgi iştirakçılarına təşəkkürnamələr təqdim olunub. Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin tələbələri və Azərbaycan və Türkiyədən olan “Turan” vokal-instrumental ansamblının ifasında xalq mahnıları səsləndirilib.

Dekabrın 30-dək davam edəcək sərgidə 10 ölkədən 55 rəssamın əsərləri sərgilənir.