2025-ci ildə Azərbaycanın daha qüdrətli və firavan olması diləyi ilə...

 

Ən yeni tariximizin daha bir ilini başa vururuq. 2020-ci ilin Vətən müharibəsindəki şanlı qalibiyyətinin yüksəltdiyi milli ruhla artıq beşinci Yeni ili qarşılamağa hazırlaşırıq. Başa çatan il, həmçinin Azərbaycanın bütün ərazisi üzərində suverenliyini tam və qəti şəkildə bərpa etdikdən (2023) sonra yaşadığımız il kimi tarixdə qalacaq.

2025-ci ildə Azərbaycanın dövlət kimi daha da qüdrətli və firavan olması hamımızın arzusudur. Həm də ona görə ki, yaşadığımız ildə bunun zəmini olacaq çox işlər görüldü.

2024-cü ildə işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış daha da intişar tapdı. Azad torpaqlarımız abad olduqca, doğma sakinlərinə daha geniş qucaq açdıqca o yerlərə mədəniyyətimiz də qayıdır.

2024-cü ildə Azərbaycan mədəniyyətlərarası dialoq məkanı kimi özünü dünyaya bir daha tanıtdı, incəsənət adına beynəlxalq müsabiqə-festivallara, eləcə də başqa sahələri əhatə edən irimiqyaslı layihələrə ev sahibliyi etdi. Bu qəbildən ən böyük hadisə isə, sözsüz ki, yaşıl dünya naminə qlobal həmrəyliyi təcəssüm etdirən COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası oldu. 200-dək ölkənin qatıldığı bu tədbirlə Azərbaycan, Bakı dünyanın gündəminə öz möhürünü vurdu.

Bu il Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik yoluna ümumxalq etimadının bir daha təsdiqi ilə də əlamətdar oldu. Prezident və parlament seçkilərinin nəticələri bunun bariz nümayişi idi.

2025-ci il üçün cəmiyyət və ayrılıqda fərd olaraq arzularımız da, təbii ki, çoxdur. Baxmayaraq ki, ilin son həftəsinə “damğa”sını vuran müdhiş təyyarə qəzasının əhvalımıza qatdığı pərişanlıq da var. Daha kiçik çevrədə özümüz üçün böyük görünən problemlərimiz də yox deyil. Amma hər şeyə rəğmən həyat davam edir. Bu davam üçün çətinlikləri də bir-birimizə dayaq, dəstək olaraq dəf etməliyik.

Yeni ili ənənəvi olaraq digər əlamətdar gün – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə birgə qarşılayırıq. Bu münasibətlə cümlə xalqımızı, eləcə də dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizi təbrik edir, 2025-ci ilin dövlətimizə, xalqımıza, hər birimizə düşərli il olmasını diləyirik.

Vüqar Orxan