Dekabrın 18-dək 23-dək “Koha” avtomatlaşdırılmış kitabxana-idarəetmə sistemində işin təkmilləşdirilməsi məqsədilə türkiyəli mütəxəssislər tərəfindən Bakıda və bir sıra regionlarda kitabxana işçiləri üçün təlimlər keçirilib.
Milli Kitabxananın treninq mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS), Sabir adına Şəhər Kütləvi Kitabxanasının əməkdaşları iştirak ediblər. Təlimlər 19 dekabr tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsini (RMİ), 20 dekabrda Quba-Xaçmaz RMİ-nin MKS-lərini əhatə edib.
Türkiyəli mütəxəssislər 21 dekabrda paytaxtda Səbail rayon MKS, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 23 dekabrda isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olub, tövsiyələrini veriblər.
Dekabrın 23-də Milli Kitabxanada keçirilən yekun tədbirdə direktor Kərim Tahirov proqramın üstünlüklərindən, iş proseslərinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsi Texniki xidmətlər şöbəsinin müdiri Hülya Dirican dünyada geniş yayılan “Koha” proqramının 13 ildir qardaş ölkədə tətbiqindən danışıb.