Xəbər verildiyi kimi, 25 dekabr 2024-cü il tarixdə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
Təyyarədə 62 sərnişin (37 nəfər Azərbaycan, 16 nəfər Rusiya, 6 nəfər Qazaxıstan, 3 nəfər Qırğızıstan vətəndaşı) və 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər (o cümlədən 3 ekipaj üzvü) həlak olub. Onlardan 26 nəfər Azərbaycan vətəndaşıdır. 29 nəfər qəzadan sağ (yaralı) olaraq qurtulub. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb.
***
Dekabrın 25-də MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Təyyarə endikdən sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.
Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət, onların ailələrinə, yaxınlarına səbir diləyən və başsağlığı verən dövlətimizin başçısı bildirib ki, bu, böyük faciədir: “Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun.
Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”.
***
Qeyd edək ki, Prezidentin müvafiq sərəncamına əsasən, Baş nazir Əli Əsədovun sədrliyi ilə yaradılan Dövlət Komissiyasına qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etmək, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etmək, komissiyanın fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat vermək tapşırılıb.
Dekabrın 25-də Dövlət Komissiyası üzvlərindən bir qrup Aktau şəhərinə gedib və Qazaxıstanın aidiyyəti qurumları ilə birlikdə qəzadan sonra zəruri tədbirlərin görülməsində iştitak edib. Qəzadan sağ çıxan və səhhəti nisbətən qənaətbəxş olanlardan bir qrup dekabrın 26-da Azərbaycana gətirilib. Həlak olanların meyitlərinin, eləcə də ağır yaralıların gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.
***
Prezident İlham Əliyevin digər sərəncamı ilə Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Matəmlə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan mədəni-kütləvi tədbirlər təxirə salınıb.
Nazirliyin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.