Şirməmməd Hüseynovun yubileyi münasibətilə biblioqrafiya nəşr olunub
Dekabrın 25-də Milli Kitabxanada “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından yeni nəşr görkəmli alim və pedaqoq, Cümhuriyyət və mətbuat tariximizin böyük tədqiqatçısı, professor Şirməmməd Hüseynovun (1924–2019) anadan olmasının 100 illiyinə həsr edilib.
Təqdimat mərasimində Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, mədəniyyət naziri Adil Kərimli, elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə qeyd edib ki, Şirməmməd Hüseynov Cümhuriyyət dövrünün, Azərbaycan müstəqillik tarixinin, eləcə də mətbuat tarixinin öyrənilməsində böyük rol oynayan şəxsiyyətdir. O, milli məfkurəmizin böyük simaları Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və başqa mütəfəkkirlərin zəngin irsini, milli tərəqqi, istiqlal düşüncəsi ilə bağlı ölməz fikirlərini böyük fədakarlıqla toplayaraq abidə nəşrlər ortaya qoyub.
Direktor diqqətə çatdırıb ki, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanıb nəşr edilən biblioqrafiyaların məqsədi belə insanların xatirəsini yaşatmaqdır.
Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov Şirməmməd Hüseynovun Azərbaycan müstəqillik mübarizələri və istiqlal düşüncəsinin salnaməçilərindən biri olduğunu söyləyib, alimin həyat yolundan və yaradıcılığından bəhs edib. O, Şirməmməd Hüseynov kimi insanların millətin sərvəti olduğunu vurğulayıb. Bildirib ki, təqdim olunan biblioqrafiya kitabı Şirməmməd Hüseynovun kimliyi barədə suala cavabın ən mükəmməl nümunələrindən biridir və böyük cəfakeş alimin xatirəsini yaşadacaq abidədir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şirməmməd Hüseynovu bənzərsiz şəxsiyyət, mətbuat fədaisi, ustad müəllim kimi xarakterizə edib. Qeyd edib ki, Şirməmməd müəllim müstəqillik dövrünün elmi və siyasi publisistikasının yaradıcılarından, mətbuat tarixinin ən görkəmli tədqiqatçılarından biridir. O, çoxcildlik mətbuat tarixi salnaməsinin yaradıcısı, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Biblioqrafiya kitabı onun fəaliyyətini, yaradıcılığını araşdıranlar üçün istinad mənbəyi olacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, BDU-nun professorları Cahangir Məmmədli, Qulu Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Medianın İnkişafı Agentliyinin direktor müavini Natiq Məmmədli “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək Şirməmməd Hüseynov haqqında xatirələrini bölüşüblər.
Çıxışlarda Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin yaradıcısı, ictimai fikir tarixinin, eləcə də Cümhuriyyət dövrünün tədqiqatçısı kimi xarakterizə olunub. Onun həm alim, həm də pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simalarının irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında mühüm xidmətlər göstərdiyi vurğulanıb.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Professor Şirməmməd Hüseynov – 100” adlı elektron məlumat bazasının təqdimatı da olub.
Sonda çıxış edən Şirməmməd Hüseynovun qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova tədbirin təşkilinə görə Milli Kitabxanaya, eləcə də biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, “Şirməmməd Hüseynov. Biblioqrafiya”sının tərtibçisi Lalə Şirinova, elmi redaktoru Kərim Tahirov, ön sözün müəllifi akademik Rafael Hüseynov, məsləhətçisi və redaktoru Ülkər Hüseynovadır.