1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Bu il keçmiş imperiyanın Bakıda öz vətəndaşlarına qarşı qətliam törətməsinin 35-ci ildönümü tamam olur. Bu münasibətlə mədəniyyət ocaqlarında anım tədbirləri təşkil edilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “İstiqlala gedən yol” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə Yasamal rayon 167 və 308 nömrəli tam orta məktəblərinin müəllim və şagird kollektivləri iştirak edib.
Məktəblilərə öncə mərkəzin ekspozisiya zalında Ulu öndər Heydər Əliyevin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini, siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar və fotoşəkillər haqqında məlumat verilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin əməkdaşı “20 Yanvar – hüzn və qürur günümüz” adlı mühazirə ilə çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir.
Açıq dərsdə 20 Yanvar faciəsi ilə bağlı tarixi hadisələrdən bəhs edən videoçarx nümayiş olunub, mühazirələr dinlənilib.
***
Baş idarənin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar "Hüznlü ana" filmi nümayiş olunub.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mərkəzin elmi işçisi "20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi" adlı mühazirə ilə çıxış edib. Bildirilib ki, 20 Yanvar yalnız bir faciə deyil, həm də Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsinin simvolu, qəhrəmanlıq və əzmkarlığının təcəssümüdür.
Sonda məktəblilər 20 Yanvar faciəsinin həqiqətlərindən bəhs edən "Hüznlü ana" filmini izləyiblər.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş “Tarix unudulmur” adlı tədbir keçirilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən danışılıb. Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın istiqlaliyyət uğrunda azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk edilib.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən film təqdim edilib, 275 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib. Həmçinin tədbirdə rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.