Yanvarın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Sənətkar ömrü” silsiləsindən görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın (1924-2013) anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Nəğmə dolu bir ürək” adlı xatirə gecəsi keçirilib.
Tədbirdə ilk olaraq bəstəkarın ömür yoluna nəzər salınıb. Çıxış edənlər görkəmli sənətkar haqqında xatirələrini bölüşüb. Vurğulanıb ki, Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb, opera və musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada ona şöhrət gətirib.
Sonra unudulmaz sənətkara həsr edilən videoçarx nümayiş olunub.
Xatirə gecəsində Xalq artistləri Gülyaz Məmmədova, Bilal Əliyev və digər müğənnilər bəstəkarın mahnılarını səsləndiriblər.
Həmçinin gecədə bəstəkar-müğənni Arif Səlimovun pianoda müşayiəti və ifası ilə Şəfiqə Axundovaya ithaf etdiyi bəstələri maraqla qarşılanıb.