Rayon mərkəzində kitab evinin açılışında yazıçı-dramaturq Elçin Hüseynbəyli oxucuları ilə görüşdü
   
   Martın 10-da Şabran rayon mərkəzində yeni təmirdən çıxmış kitab evinin açılış mərasimi keçirildi. Yerli kitab həvəskarlarına sevinc bəxş edən tədbir daha bir əlamətdar hadisə ilə - tanınmış yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin oxucularla görüşü və yenicə işıq üzü görmüş “Yolayrıcında qaçış” romanının imza günü ilə yadda qaldı.
   
   Mərasimdə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov insanın dünyagörüşünün formalaşmasında, cəmiyyətin inkişafında kitabın rolundan bəhs etdi. Azərbaycan dövlətinin mədəniyyət siyasətində kitabın təbliğinə böyük önəm verildiyini, şair və yazıçıların yaradıcılığına diqqət və qayğı göstərildiyini dedi: “Ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan və dünya klassiklərinin əsərləri latın qrafikası ilə çap olunur. Kitabxanalar, kitab evləri təmir-bərpa olunur, yeniləri inşa edilir. Şabrandakı kitab evi də bir müddət idi ki, fəaliyyət göstərmirdi, bina yararsız vəziyyətə düşmüşdü. Ötən il binanı əsaslı təmir etdik və indi oxucuların istifadəsinə veririk. İnanıram ki, bu məkan kitabsevərlərin, elmə, biliyə marağı olan hər kəsin sevdiyi bir ünvan olacaq”.
   İcra başçısı bildirdi ki, bu tədbir yerli kitabsevərlər üçün ikiqat əlamətdardır. Çünki tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəyli Yazıçılar Birliyinin “Bölgələrdə imza günü” adlı yeni layihəsinin müəllifi kimi oxucularla ilk görüşünə Şabrandan başlayır: “Kitab evinin açılışı bu layihə ilə üst-üstə düşüb. Hesab edirəm ki, istedadlı yazıçı Elçin Hüseynbəylinin digər əsərləri kimi, yeni romanı da böyük oxucu auditoriyası qazanacaq”.
   Tədbirdə çıxış edən Elçin Hüseynbəyli qeyd etdi ki, 2009-cu il aprelin 3-də Azərbaycanda ilk dəfə olaraq onun müəllifi olduğu “Şah Abbas” romanının «imza günü» gerçəkləşib və bundan sonra Bakıda müxtəlif məkanlarda belə mərasimlər keçirilməyə başlanıb: «Bölgələrdə çoxlu kitab həvəskarları var. Amma, təəssüflər olsun ki, kitab mağazaları azdır. Bunu nəzərə alaraq, belə bir imza gününün regionlarda da keçirilməsini qərara aldıq. «Bölgələrdə imza günü» adlı layihə barədə mediada xəbər yayılandan sonra ilk müraciət Şabran rayonundan gəldi. Məşhur bir deyim var: «O cəmiyyətdə ki qocaları, uşaqları və kitabları sevmirlər, o cəmiyyət xoşbəxt ola bilməz». Düşünürəm ki, şabranlılar bu baxımdan xoşbəxtdirlər ki, burada kitabı sevirlər. Rayon mərkəzində kitab evinin açılması əlamətdar hadisədir. “Yolayrıcında qaçış” romanımın imza gününün də bu mərasimə təsadüf etməsi məni ikiqat sevindirir. «Bölgələrdə imza günü» layihəsi digər rayonlarda da davam etdiriləcək. Hesab edirəm ki, bu layihə ölkəmizdə kitab-satış şəbəkəsinin formalaşmasında müəyyən rol oynaya bilər».
   Yazıçı onu da bildirdi ki, son illər Mədəniyyət və Turizm Nazirliyi kitab satışı ilə bağlı uğurlu layihələr həyata keçirir. Bir sıra kitabxanaların nəzdində kitab mağazaları açılıb, Bakıda və bölgələrdə ənənəvi olaraq kitab bayramı keçirilir: “Yaxşı olardı ki, həm paytaxtda, həm də regionlarda tez-tez kitab yarmarkaları təşkil olunsun”.
   Yazıçı-jurnalist Aydın Tağızadə Elçin Hüseynbəylinin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, yazıçı və dramaturqun əsərləri dünyanın bir çox ölkələrində tanınır və sevilir: «Onun «Şah Abbas», «Don Juan» və başqa əsərləri hər zaman oxucuların maraq göstərdiyi nümunələrdir. Elçin müəllim eyni zamanda gözəl dramaturqdur. Əsərləri müxtəlif teatrlarda səhnələşdirilib. Yazıçı həmçinin «Ulduz» jurnalının baş redaktoru və Yazıçılar İttifaqında Gənclər Şurasının sədridir. Müəllif haqqında ən qiymətli sözü adətən onun əsərləri deyir. Ona görə də tədbir iştirakçılarını bu əsərlərlə yaxından tanış olmağa dəvət edirəm».
   Şabran Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Səbirə Məcidova qəzetimizə açıqlamasında belə tədbirlərin kitabın, mütaliənin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd etdi. Onun sözlərinə görə, MKS-in 284 min kitab fondu, 26 min 150 nəfər oxucusu var: «Rayonumuzda 4-ü şəhər, 1-i mərkəzi və 1-i uşaq olmaqla, 46 kitabxana fəaliyyət göstərir. İnanırıq ki, belə tədbirləri reallaşdırmaqla kitablara maraq və oxucularımızın sayı da artacaq».
   «Əyləncə vasitələrinin çoxalması səbəbindən gənclərimiz arasında mütaliəyə marağın azaldığı bir vaxtda rayonumuzda belə bir tədbirin keçirilməsini çox yüksək qiymətləndiririk». Bunu isə Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şəfiqə Məmmədova dedi. Onun fikrincə, tanınmış yazıçılarla görüşlərin təşkil edilməsi kitaba əvvəlki marağı bərpa edəcək.
   
   Fəxriyyə Abdullayeva