Kitab insan üçün hər şeyi əvəz etməsə də, ona çox şey verir. Məntiq, düşüncə, təfəkkür, fikir yürütmə qabiliyyəti, sərbəst nitq və sairə. Kitabın insana verdiyi bu kimi müsbət amilləri saysaq, yenidən bir kitab tərtib etmək lazım gələr. Mənimsə məqsədim oxuculara yeni bir kitab bəxş etmək yox, əksinə müxtəlif peşə sahiblərinin kitaba münasibətləri, hazırda hansı kitabı oxuduqlarını və oxumaq üçün mənə hansı əsərləri məsləhət görmələri barədə sorğu hazırlamaq idi.Mütaliə həvəskarlarını isə harada tapmaq olar? Əlbəttə, kitab dükanlarında, kitab rəflərinin qarşısında... Beləliklə, mülayim havalı bir istirahət günü sorğumuzun obyektinə - paytaxtımızda nəzərəçarpacaq dərəcədə çoxalmaqda olan kitab dükanlarına yönəldik. Kitab alıcılarını sorğu-suala tutduq. Ən maraqlı cavablarla oxucuları tanış edirik:
   
   Aynur Baxşəliyeva (BSU-nun 3-cü kurs tələbəsi)
   - Günümün, bəlkə də, 10 saatı kitab oxumaqla keçir. Elə bir günüm yoxdur ki, kitab oxumayım. Bədii ədəbiyyat vurğunuyam. Buna baxmayaraq, hər tip kitabı sevirəm... Elmi-kütləvi, dini və s. Kitab insana hərtərəfli dünyagörüş bəxş edir. Bir insanla söhbət edəndə o saat anlayırsan ki, çox kitab oxuyub ya yox. İndi bu dəqiqə Balzakın rus dilinə tərcümə edilmiş "Çeloveçeskaya komediya"sını oxuyuram. Məsləhət bilmək isə... Bədii ədəbiyyatda müasirlərdən Paulo Koelonun ” Əlkimyagər”, “Dağlar”, Den Braunun " Da Vinçi kodu”nu, Patrik Züskindin "Parfumer", Markesin "Sto let odinoçestva"(rus dilində), dünya ədəbiyyatı klassiklərindən Dostoyevskinin bütün əsərlərini, Tolstoyun "Hərb və sülh" , Drayzerin "Cenni Herhardt", "Kerri bacı" "Finanist", "Amerika faciəsi", Voyniçin "Ovod" əsərlərini məsləhət görərdim...
   Seymur Əliyev (kompyuter proqramçısı)
   - Mən kitab oxumağı xoşlayıram.Əsasən kriminal aləmə aid və kompüter texnologiyaları və proqramlaşdırma dilləri haqda olanları oxuyuram. Həmçinin bu yaxınlarda Puşkinin "Bağçasaray fontanı" əsərini oxumuşam, məsləhətdi, oxuyun.
   Akif İmamnəzərov(pedaqoq)
   - Ümumiyyətlə, oxumaq istəyən üçün fərqi yoxdur, hansı kitab və ya bədii əsər olur, olsun.. Çünki əgər insanın içində oxumaq istəyi varsa, necəliyindən asılı olmayaraq, gözünə sataşan hər bir kitabı maraqlı kitab kimi oxuyacaq. Mən özüm fəlsəfi, bir az mistik, bir az psixoloji kitablara meyilli olduğum üçün belə kitabları oxumağı məsləhət bilərdim.Fərqi yoxdur, nəzəri, yoxsa bədii..
   Samir Axundov (11-ci sinif şagirdi)
   - Valideynlərimin kitab otağı var. Əvvəl zəhləm gedirdi o otaqdan. Amma indi oradan çıxmıram. Çünki kitablar həqiqətən ən yaxşı dostlardır. Bu yaxınlarda Markesin “Gözlənilən qətlin tarixçəsi" əsərini oxumuşam, maraqlıdır, oxumağı məsləhət bilirəm.
   Lalə Qasımova (evdar qadın)
   - Bütün janrda olan kitabları oxumağı xoşlayıram,ancaq detektiv əsərləri sevmirəm. T. Drayzer,Şarlotta Bronte, Rəşad Nuri Güntəkin, İlyas Əfəndiyev,Salam Qədirzadə sevdiyim müəlliflərdir. Hər kəsə məsləhət görərdim ki, bu müəllifləri oxusunlar.
   Kərim Axundzadə (təqaüddə olan hərbiçi)
   Daha çox dini və bədii kitablar oxuyuram. Hazırda «Əsrarül-Quran»ı və Çingiz Abdullayevin “Mavi mələklər” kitablarını mütaliə edirəm.
   Hüsaməddin Əhmədov (bələdiyyə qulluqçusu)
   - Bir gözəl insanın dediyinə görə, kitab oxumaq yaşamağı asanlaşdırır. Vaxt keçdikcə bunun nə dərəcədə doğru olduğunun şahidi oluram. Hazırda ingilis dilindən L.Nikiforovanın 1849-cu il Sankt-Peterburqda çap edilmiş tərcüməsini oxuyuram. Əsər 1990-ci ildə "Araz" jurnalında E.Axundovanın redaktəsi ilə dərc olunub. Hamıya oxumağı məsləhət görürəm. Dəyərli bir əsərdir. Bütün dünyaya İslam dini çox gözəl surətdə və təfsilatı ilə çatdırılır.
   Ənvər Əliyev (ticarətçi)
   
- Hər zaman olduğu kimi Çingiz Abdullayevin kitabını oxuyuram. Nə qədər ki onun təzə kitabları nəsr olunur, başqa əsərlərə müraciət etmək fikrim yoxdur.
   Nəcibə Əliyeva (dərzi)
   
- Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” kitabını oxuyuram. Kitab özü film variantından maraqlıdır. İndiki kitablar oxunmalı deyil, yüksək səviyyəli kitablar çox azdı.
   Əlibaba Rzalı (vəkil)
   
- Hazırda hüquqla bağlı ədəbiyyat oxuyuram. Qanunları bilmək üçün hər kəs bu kitabları oxumalıdır.
   
   Sabutay