“Discovery Central Asia” jurnalında Hüseyn Cavid haqqında yazı dərc edilib
   
   Böyük Britaniya Nəşrlər Evi tərəfindən çap edilən “Discovery Central Asia” jurnalının son nömrəsində Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi, tarix elmləri namizədi Səbuhi Əhmədovun böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid haqqında məqaləsi verilib. Jurnalın Daşkənddəki ofisindən verilən məlumata görə, “Hüseyn Cavid-türk dünyasının Şekspiri” sərlövhəli material “Mərkəzi Asiyanın görkəmli simaları” silsiləsindən dərc olunub.
   Məqalədə əsərləri bütün türkdilli və Avropa xalqlarının dillərinə tərcümə edilmiş böyük şairin mürəkkəb, lakin parlaq həyatı, zəngin yaradıcılığı və ədəbi irsi haqqında məlumat verilir.
   Bildirilir ki, Hüseyn Cavidin əsərləri yalnız Azərbaycanda deyil, Orta Asiya ölkələrində də tamaşaya qoyulmuşdur. Şairin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərin də yer aldığı məqalənin “Ölümdən sonrakı həyat” bölməsində Hüseyn Cavid yaradıcılığının öyrənilməsi, təbliği və xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərdən danışılır.
   Xatırladırıq ki, böyük tirajla ingilis dilində çap edilən “Discovery Central Asia” jurnalının səhifələrində Orta Asiya və Azərbaycanın tanınmış adamları, mədəniyyəti, tarixi abidələri, adət-ənənələri və turizm imkanları haqqında materiallar verilir.