Sevinirəm ki, Məmməd Aslanın ilk oxucularındanam. Böyük ürək və səmimiyyətlə mətbəə ətirli kitablarını birinci mənə bağışlayar. Bu yaxınlarda şair yenicə çapdan çıxmış iki cilddə «Varlıqla yoxluq arasında» adlı şeir kitabını mənə göndərib. Yazdığı avtoqraf qəlbimi çox kövrəltdi: «Ömrümün ana-bacısı qayğılarını üstünə götürmüş əziz Flora Xəlilzadəyə xoşbəxtlik diləkləri ilə». Müəllimimin məni ana-bacı gözündə görməsi könlümü riqqətə gətirdi. Bir müddət bu kitabları vərəqləyə bilmədim. Tamamilə Məmməd Aslanın şeirlərinə köklənmək üçün sanki zaman gözləyirdim. Qələm əlimdə yenə titrədi, kəlmələrim yenə itik düşdü. Yenə də köməyimə Məmməd Aslanın şeirləri gəldi...
   
   İllər boyu dilimin əzbəri olan misraları məni çox uzaqlara apardı:
   
   Səpib göyərdərəm sözü, kəlməni,
   Ayrı qulluğum yox, ayrı işim yox.
   Tanıtsa, bir misra tanıdar məni,
   Ayrı sənədim yox, arayışım yox.
   
   Bu közərən sözlərin ahəngində Məmməd Aslanın kitabını mənəvi bir ehtiyacla oxumağa başladım. Ömrünü söz uğrunda girov qoyan şairin yaradıcılığında nəğmələr çeşmələnir, güllər odlanır, bülbüllər zilə çıxır, buludlar kişnəyir, dağlar andlaşır, min fəryad bir axara yönəlir. Doğrudan da müəllifin dediyi kimi: «bilməcədi bildiyimiz bu dünya». Yaxşı ki belə təbii, ilhamlı şairlərimiz var. Bu cildlərdə mənim diqqətimi müəyyən obrazlar çəkdi. Ən əvvəl şairin öz portretini gördüm. Rəbbi nə veribsə, Məmməd Aslan odur. Tarix boyu haqsızlıq önündə susmağı bacarmaz, ucuz mətləbləri dilinə gətirməz. Təbiətindən gələnlər misra-misra süzülüb:
   
   Tənha zirvələrin yar-yoldaşıyam;
   Quşqonmaz dağların ağır qışıyam;
   Mən qaya parçası, çaxmaq daşıyam;
   Mən çətin adamam, asan deyiləm.
   
   Bu etirafdan nələr duyuruq? Söz uğrunda ömrünü odlara tapşıran istedadlı bir qələm əhli öz xasiyyətinin ağırlığından həqiqətən şikayət edir? Yoxsa qarşıdakının səhvlərini bu şəkildə dilə gətirir? Deyə bilmərəm. Anladığım odur ki, bütün inciklikləri, küskünlükləri elə bu xasiyyətinə görə də Məmməd Aslana bağışlamaq olar. Pilə təbiətli Məmmədin bəzən elə sərt, qətiyyətli, inadkar, ipə-sapa yatmaz məqamları var ki... Həyatın min cür əzabına tuş gələn şairin ömrü bir tonqala bənzəyir. Şeirlərində də bu odun közərmələri duyulur: «Məni söndürməyə göstərmə inad, bir yanar kürəyəm: torpağım çat-çat». Ömrünün bütün ağrı-təlaşını sözlə çəkərək sökməyə çalışan müəllifin sonda gəldiyi nəticə də mənalıdır: «dərdsizlik dərddən betərdi».
   Həyatın ağlagəlməz qəhrləri şairin qismətindən əskik olmayıb. Uşaqlığından üzü bəri valideyn, bacı-qardaş, övlad itkilərindən başlayaraq gözləmədiyi vətən dərdinə qədər çox əbədi ayrılıqlara tuş olub. Bəzən ideallaşdırdığı dostunu, bəzən də sədaqətinə inandığı kiminsə vəfasızlığı taleyindən izsiz keçməyib. Bəlkə də buna görədir ki, onun bütün şeirləri ömrünün ayrı-ayrı közərmələrinin aynasıdır. Çəkdiyi əzabdan, keçirdiyi sarsıntıdan yenə də şeir doğulub: «Bir yanar ocaqdım, bir qızıl közdüm, əridi varlığım, kül oldu, dözdüm». Onun vəfalı dostu həmişə dərddi. Dərdə əyilməsə də, bəzən dərdin özünə belə dağ çəkməyi bacaran şair hərdən dərdə sığındığını da dilə gətirir:
   
   Bu qədər möhnətə ürəyim fildi,
   Yüz yol öldürüldü, yüz yol dirildi.
   Eşqimin çiçəyi çoxdan dərildi,
   Görən, nə axtarır çəməndən yazıq?!
   
   Məmməd Aslan təbiətən kövrək şairdir. Hər misrasında ürək döyüntüsü var. Onun şeirlərini oxuduqca adamın öz könlü də dəli rüzgarla köklənir. Əlçatmaz, ünyetməz günlərin həsrəti üzə durur. Həsrətdən zinhara gəlirsən. Şeirləri oxuduqca təbdən-təbə düşürsən.
   Məmməd Aslan Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. O, doğma yurdunu dəlicəsinə sevən bir aşiqdi. Kəlbəcərin simvolu olan Dəlidağ Məmməd Aslanın qibləgahı idi. Ulu babaları, nənələri bu dağa baxaraq salavat çəkərdilər. Şairin bioqrafiyası, yaradıcılığı və xoşbəxtliyi bu dilbər guşəyə bağlıdır. Doğma yerlərdəki bulaqlar onun ürəyində çağlayardı. Ömrünün neçə şirin dastanı o dağların qoynunda vərəqlənərdi. Loğmanı da, sevinci də, bəxtəvərliyi də Kəlbəcər dağları idi Məmməd Aslanın... İndi bu həsrətdən içi yanar, bağrında közə dönmüş Kəlbəcər şeirlərində oxşanar, əzizlənər: «Bizsiz qalıb o guşələr, bizsiz açır bənövşələr...». İnsanın ömrü boyu hazır olmadığı bu dərd çoxumuzu dirigözlü öldürməkdədi. Kəlbəcərin adı çəkiləndə Məmməd Aslanın dolu gözlərindəki həsrət yeddi başlı əjdaha kimi varlığımı didir, dərdimi tərpədir. Mənim də Urud həsrətim baş qaldırır.
   1990-cı ilin 20 yanvarı yaddaşımıza çəkilməz dərdlə, yasla daxil oldu. 20 Yanvarın adı çəkilən kimi Məmməd Aslanın «Ağla, qərənfil, ağla» ağısı yada düşür. O müsibətli gündən indiyədək hər birimiz şəhidlərin hüznündən doğan ağrını sanki bu bayatılarla boşaltmağa, ya bəlkə də azaltmağa çalışırıq:
   
   Qərənfil - şəhid qanı!
   Qan götürdü dünyanı...
   Ağla, inlət meydanı,
   Ağla, qərənfil, ağla!
   
   Məmməd Aslanın 1969-cu ildə qələmə aldığı «Sümüklü dərə» şeiri də başımıza gələn fəlakətlərin əks-sədasıdır. Müəllif bildirir ki, Kəlbəcərin Göyçə gədiyinə dirənən dağ aşırımında insan sümükləri ilə dolu bir dərə var. Ötən əsrin əvvəllərində daşnakların qanlı cinayətinin qovluğudur bu dərə. Eləcə də kəllə sümüklərindən anlamaq olur ki, bu şəhidlər bizim babalarımız olub. Məmməd Aslan yazır ki, dağ əriyəndən sonra bu dərənin üstü həmişə humay quşları ilə dolu olur. Hərdənbir dərəyə enib sümüyü bir daşın üstünə buraxar, sonra da tezcə «ovunun» düşdüyü yerə şığıyar. Sümüklərin içərisindəki qurd-quşla qarnını doyurar. Hələ o vaxt şair bu müdhiş «mənzərə» haqqında belə yazırdı:
   
   Bura şəhidlərin gorsuz gorgahı,
   Bura qatillərin məhşər günahı!
   Uçqun dodağında saxlar min ahı -
   Sümüklü dərə.
   
   Qəribədir ki, yaxın vaxtlarda Qubada aşkar edilən insan məzarlıqları da elə Kəlbəcərdəki Sümüklü dərənin oxşarıdır. Amma, təəssüf ki, o vaxt şairin çəkdiyi bu haraya sovet rejimi qalın pərdə çəkdi, səsi eşidilməz oldu.
   Məmməd Aslanın yaradıcılığında Təbriz mövzusu da öz möhtəşəmliyi ilə diqqət çəkir. Xəyalında əbədiləşən (hətta qızının adını Təbrizə qoyub), həmişə görmək həsrəti ilə yaşadığı Təbrizdə olmaq səadəti, nəhayət, qismətinə çıxıb: «Nə yaxşı yumşaldı o sərt havalar, qovuşdu soydaşlar, həsrət obalar». Müəllifin «Şəhriyarnamə» əsəri də dilimizin qüdrətinə heykəl qoyan, poeziyamızın sənət zirvəsi sayılan Şəhriyara ünvanlanıb:
   
   Şəhriyarım, bal dilimin şəhdisən,
   Boz səhrama leysan yağar - «şeh» desən!
   Ovqatıma bahar gülər - «meh» desən,
   Elə kövrək, elə çevik pərgərsən,
   Müxtəsəri, zər sözümə zərgərsən.
   
   Məmməd Aslanın yaradıcılığında möhtəşəm obrazlardan biri də Sözdü. Sözə ruhun pərvazı, ağılın kəsəri kimi baxan, ona məhəbbətlə, ehtiramla yanaşan şair həqiqətən də ömrünü söz uğrunda girov qoyub. Bu yolda könüllü odlara yanıb tutuşaraq sözdən mülklər ucaldıb. Sözü bütün varidatlardan ucada tutub. Şairə görə, söz Füzulidən yadigardır.
   Çəkdiyi zillətlərin, keçirdiyi ağrı-acıların, itkilərin, həsrətin zalımlığı və qəzəbli diktəsidir ki, Məmməd Aslanın yaradıcılığında Zamanın nəhəng görünüşü var. Müəllif bunu da etiraf edir ki, Zamanın özü də bir iblisdi, rəngi hər gün dəyişir. Bu dəyişən zamanların axarında üzə bilməyən, dilinə yalan gəlməyən, həmişə düz sözə tapınan Məmməd Aslanın bir kimsədən zərrəcə umacağı yoxdur. Buna görə də həmişə dərya səbrinə sığınaraq günahı onunla «ovxala, getsin» deyib. Bəzən də hiddətlənərək ovqatının təlx vaxtında zamanın qarışıq rənginə ayna tutub.
   Zaman bütün bəndi, bərələri kəsərək hər şeyi insanın əlindən bir anda alıb aparır. Gəncliyi də, sağlamlığı da... Buna görə də şair ömrün ala-toranlığında xəfifcə dilə gəlir:
   
   Ömür ki var - hesabatdı,
   Fürsət gəzdim, hesab artdı.
   Hesab artdı... əzab artdı,
   Bu hesabı üzməliyəm.
   
   Akademik Həsən Əliyevin baş redaktoru olduğu «Azərbaycan təbiəti» jurnalında bir müddət məsul katib vəzifəsində çalışan Məmməd Aslan təbiətin mühafizəsi ilə bağlı çox səmərəli fəaliyyət göstərib. Akademik Həsən Əliyevin məxsus fikridir: «Bizim elmdə demək istədiklərimizi Məmməd Aslan şeirlərində çox bacarıqla ifadə edib. Bu da çox vacibdir. Çünki onun şeirlərindəki təsir yüzlərlə elmi məqalədən güclü olur». Böyük qiymət və həqiqətdir. Məmməd Aslanın şeirlərində dünyanın ovqatı var. Oxuduqca təsirlənməyə bilmirsən, bəzən də bu şeirlərin yaratdığı havaya qoşulub buludlara çəkilmək istəyirsən:
   
   Dərdini çəkənə zindan əzabı,
   Nəbzini tutana behiştdi dünya.
   
   Məmməd Aslan həm də tərcümə ilə məşğul olan qələm sahibi kimi də səmərəli fəaliyyət göstərir. Keçmiş SSRİ xalqlar ədəbiyyatından tərcümələrə xüsusi diqqətlə yanaşan ədib özbək şairəsi Zülfiyyənin «Torpağa səcdə», qazax şairi Qədir Mirzalıyevin «Bu bağda bülbüllər ötər» şeirlər kitabını tərcümə edib. Eləcə də türk şeirindən seçmələri, Yunis İmrə və Aşıq Veysəl yaradıcılığından etdiyi çevirmələr ədəbiyyatımızın inciləridir.
   Məmməd Aslana ithaf edilən şeirlər də çoxdur. Kitabın ikinci cildində son fəsillərin biri belə adlanır: «Məmməd Aslan haqqında qələmdaşlarının dəyərləndirmələri». Bir-birindən gözəl, mənalı şeirlərin içərisində diqqətimizi ən çox Məmməd Arazın 1967-ci ildə adaşına ünvanladığı poetik etiraf oldu:
   
   Qardaş düzümünün əsiri oldum,
   Xəbərim olmadı özümdən mənim.
   Sənin çiçəyinə, gülünə baxdım,
   Min yarpaq töküldü sözümdən mənim.
   
   Məmməd Aslanın şeirləri qaranlığa nur saçan işığa bənzəyir. Bütün dolu misralarının gözlərimizdən könlümüzə süzülən sehri ilə özümüz öz qəlbimizə yol axtarırıq və bir qələm sahibi kimi şairin etirafına sığınaraq təskinlik tapırıq:
   
   Ömrü söz uğrunda girov qoymuşam,
   Ayrı ürəyim yox, ayrı başım yox!
   
   Bu niyyətlə də ədəbiyyata, mətbuata gələnlər sözün qədrini bilərək onu bütün varidatlardan ucada gördülər. Amma neyləməli ki, Sözə divan tutanlar, onun rəngini itirənlər də var. Belələri üçün də Məmməd Aslanın sərt təpkisi həmişə yerinə düşür: «Dil bağban olmasa, söz qalar çolaq». Ömrü boyu Sözün qüdrətinə sığınan, onun min bir mənasını ustalıqla açan, keşiyini çəkən şair Məmməd Aslan bu sənətin zirvəsində dayanan ustaddır!..
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist