Mirzə Fətəli Axundzadə - 200
   
   II yazı
   
   Axundzadənin ölməz komediyaları
   
   Mirzə Fətəli Axundzadənin 1850-1855-ci illərdə yazdığı və "Təmsilat" adı altında birləşən altı dram əsəri Yaxın və Orta Şərq ədəbiyyatında ədəbi məktəb formalaşdırdı. Görkəmli ədəbiyyatşünas və pedaqoq Firudin bəy Köçərli Mirzə Fətəlinin ədəbi irsindən bəhs edərkən bu məqamı xüsusi qeyd edirdi: “Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücuda gətirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır. Bunlardan əlavə fitri bir istedad və yaradıcı bir qüvvə, bir təbii-füsunsaz, bistilahi-türki "Allah vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikrü xəyalatı ilə yoxdan var etsin. Bu "Allah vergisi", yoxdan vücuda gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kəmalınca var imiş. Bu sözlərin doğru olmağına onun komediyaları möhkəm dəlil və aqil şahiddir".
   
   "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur"
   
   Mirzə Fətəli Axundzadənin 1850-ci ildə qələmə aldığı ikinci dram əsəri "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" komediyasıdır.
   Komediyada hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan mülkədar Hatəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
   Əsərdə XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir. Müəllif qadınların - Şəhrəbanı xanım və Şərəfnisə xanımı avamlığına, hətta kişilərin də onlardan geri qalmamasına ürək ağrısı ilə acıyır. Şəhərbanu xanımın Dərviş Məstəli şahın Parisi dağıdacağına inanması, Şahbazın Avropaya elm dalınca getməsi ilə razılaşmaması, yoluna sədd çəkməsi, Şahbaz bəyin isə “Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sanzıs” deyərək əzmlə mübarizə aparması, Hatəmxan ağanın “Balam sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilməklə ağıl artmaz” və ya “Sən Parijə getmədən də müsyö Jordanın söhbətlərinə qulaq asmaqla oranın əhlinin adət və xəvvasından mütəlle ola bilərsən” sözlərində Axundzadənin nə qədər yüksək sənətkarlıqla avamlığı, geriliyi pisləməsini, dövrünün eybəcərliklərini bacarıqla qabartması aydın sezmək olur.
   "Hekayəti-müsyö Jordan həkimi-nəbatati və dərviş Məstəli şah cadukuni-məşhur" əsərində faktları nəzərdən keçirək: "Allahı sevərsən, öz yanından zad quraltma", "Parisdə onun nə iti azıbdır?"; "Vallah, ona bir töv tutaram ki, gəldiyi yolu da azar, özü də Parisi unudar"; "...analı-qızlı iki pulluq ağlınız yoxdur", "Papağı çevirərsən, il gələr keçər", "Tamam Parisin qızları qurban olsun sənin bir tükünə!"... Bu cümlə və ya ifadələr dramaturji məqamları aydın təsəvvür etməyə, obrazın psixologiyasını duymağa bədii əsas verir.
   Komediya ilk dəfə Tiflisdə «Kafkaz» qəzetində rus dilində hissə-hissə çap olunur, ilk dəfə Peterburqda rus dilində oynanılır, sonralar isə milli teatrımızın səhnəsinin ən uzunömürlü və sevilən əsərlərindən birinə çevrilir.
   Xatırladaq ki, 1976-cı ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov Mirzə Fətəli Axundzadənin bu klassik komediyasının motivləri əsasında “Dərviş Parisi partladır” bədii filmini çəkiblər. Film milli kinomuzun ən gözəl nümunələrindən biridir.
   
   “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
   
   Mirzə Fətəli Axundzadə 1850-ci ildə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını yazır. Bu komediyada xanlıq idarə üsulu komik dillə ifşa olunur.
   Bu komediyada dramaturq lətifələrdən bacarıqla istifadə edir, xanın şikayətlərə baxarkən çıxardığı hökmlər Molla Nəsrəddin lətifələri qədər məna daşıyır. Ədib bu lətifələrdən istifadə etməklə səriştəsiz, boşbeyin və ağılsız xanı xalq gülüşü ilə öldürür.
   …1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında "Lənkəran xanının vəziri" tamaşası Bakı Realni Məktəbinin şagirdlərinin iştirakı ilə "Nəciblər klubu"nda oynanılır və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyulur. 139 ildir ki, Axundzadənin komediyaları səhnəmizin şah əsərləridir və illər keçdikcə də belə olacaq.
   
   "Hekayəti-xırs quldurbasan"
   
   M.F.Axundzadənin 1851-ci ildə qələmə aldığı bu komediyanın mövzusu kənd həyatından götürülüb. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulub. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızıdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə, onun qızını öz oğlu Tarverdiyə nişanlayır və toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrədib quldurluğa göndərir. Tarverdi quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur.
   "Hekayəti-xırs quldurbasan" komediyasının da uğurlu səhnə həyatı olmuş, zaman-zaman müxtəlif teatrların repertuarında yer almışdır.
   
   «Sərgüzəşti Mərdi-Xəsis» (Hacı Qara)
   
   1852-ci ildə Axundzadə «Sərgüzəşti Mərdi-Xəsis» komediyasını yazır. Komediyada xəsislik, tüfeyli yaşam tərzi tənqid edilir. Əsər belə başlayır:
   Əvvəlinci məclis
   Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə, Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə. Heydər bəy qabağında habelə yaraqlı-əsbablı qıvraq geyinmiş məlal ilə danışır.
   Heydər bəy: Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək dustaq alaçığın içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun!? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! Nə qızılbaş döyüşü var, nə Osmanlı döyüşü var! ...
   Axundzadə bütün əsərlərin mövzusunu real həyatdan götürmüşdü. O “Hacı Qara”nın mövzusunu Avropa ədəbiyyatından götürsə də, əsərdə əsas mənfi obraz kimi səciyyələndirilən Hacı Qara real şəxsiyyət olub. Ağcabədi bazarında parça ticarəti edərmiş.
   "Sərgüzəşti-mərdi-xəsis" komediyası xalq deyimləri ilə zəngin, zamansız bir komediyadır.
   
   «Mürafiə vəkillərinin hekayəti» və ya altıncı komediya
   
   Mirzə Fətəli Axundzadənin altıncı komediyası 1855-ci ildə yazdığı «Mürafiə vəkillərinin hekayəti»dir. Bu pyes üç pərdədən ibarət olsa da, Axundzadənin yazdığı ən kiçikhəcmli pyesdir. Bu əsər komediya janrında olsa da, içində Zeynəbin dramı var.
   M.F.Axundzadənin realizmindən insan psixologiyası, mənəviyyatı, onun inikası əsas cəhətlərdən biridir. Mütəfəkkirin yaradıcılığı haqqında hələ öz sağlığında xarici ölkələrdə dəyərli yazılar çap olunmuş, onun komediyaları rus, fars, ingilis, fransız, alman dillərinə tərcümə olunaraq, ona dünya şöhrəti qazandırmışdı. O dövrdə Azərbaycan yazıçılarından Rusiyada və Qərbi Avropada ən çox tanınan, məşhur olan, sevilən məhz Mirzə Fətəli Axundzadə olmuşdur.
   Əsərləri müxtəlif ölkələrdə, müxtəlif dillərdə çap olunsa da, ədibin Azərbaycan dilində komediyaları ilk dəfə 1859-cu ildə Tiflisdə çap olunmuşdur.
   “Kavkaz" qəzetinin 19 avqust 1853-cü il tarixli nömrəsində (N 61) yazılır: "Canlı şəxsləri qələmə almaqla, onların məişətini düzgün təsvir etməklə o, (M.F.Axundzadə - red.), elm və etnoqrafiya üçün böyük iş görmüşdür. Bundan əlavə o, azərbaycanlıların adət-ənənələri haqqında quru traktat deyil, canlı insanları təsvir edən dramatik parçalar təqdim etməklə sadə oxuculara da böyük yardım göstərmişdir. Vaxtı gələcək ki, bu gün dönüb keçmiş olacaq və bugünkü mollaların, bəylərin, mirzələrin nəvələri Avropa təhsili alacaqlar. Biz əminik ki, bu zaman hər hansı alim XIX əsr Zaqafqaziya müsəlmanlarının ictimai və şəxsi həyatı haqqında tədqiqat işi apararkən...Axundovun komediyalarına əsaslanacaqdır. Biz buna tam əminik. Çünki Axundzadənin komediyalarından biz onun öz xalqının adət-ənənələrilə gözəl tanış olduğunu görürük".
   
   Təranə Vahid