Fevral ayından ATMU-da italyan dili kursları açılacaq
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə İtaliyanın Dante Alieghieri Cəmiyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, imzalanma İtaliyanın ölkəmizdəki səfiri Campaolo Kutilo və Dante Alieghieri Cəmiyyətinin Bakı təsisçisi Gülnarə Aslanbəylinin universitetə səfəri əsnasında gerçəkləşib.
Qonaqlarla görüşən ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ali təhsil ocağının tarixi və fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, 2006-cı ildə Azərbaycan Turizm İnstitutu kimi fəaliyyətə başlayan tədris ocağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncama əsasən, yeni statusla fəaliyyətini daha da genişləndirəcək.
Dünyanın müxtəlif ölkələrinin ali məktəbləri ilə əməkdaşlıq etdiklərini deyən rektor Dante Alieghieri Cəmiyyəti ilə müqavilənin də ATMU-nun fəaliyyətinə fayda verəcəyinə əminliyini bildirib.
Səfir Campaolo Kutilo müqaviləni iki ölkə universitetlərinin əməkdaşlığı baxımından yeni mərhələ kimi dəyərləndirib. «Turizm iqtisadiyyatın elə bir sahəsidir ki, bizim orada bir-birimizlə bölüşəcəyimiz çox şey var», - deyən səfirin sözlərinə görə, Azərbaycanda bu sahədə böyük işlər görülüb. Diplomat qeyd edib ki, hazırda Azərbaycanda italyan dilinə maraq getdikcə artır, bu isə iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etməsinin nəticəsidir.
Müqaviləyə uyğun olaraq Dante Alighieri Cəmiyyəti Azərbaycan Turizm və Menecment Universitetinə İtaliya universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, Bakıya səfər edən italyan universitetləri nümayəndələrinin ali məktəbdə görüşlərinin təşkilində, ATMU tələbələrinin İtaliyadakı hotellərdə təcrübə keçmələri ilə bağlı məsələlərdə yardım edəcək.
ATMU-dan verilən məlumatda o da bildirilir ki, İtaliya və Azərbaycan hökumətlərarası müqaviləsinin «Təhsil sahəsində əməkdaşlıq» bəndinə əsasən bir neçə italyan universiteti ilə danışıqlar aparılır. Artıq Guglielmo Marconi Universiteti ilə ATMU arasında niyyət protokolu hazırlanıb. Fevral ayından etibarən ATMU-da italyan dili kursları da fəaliyyətə başlayacaq.