Bugünlərdə «Nurlan» nəşriyyatı tərəfindən muzeyşünas - etnoqraf, Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçi-inspektoru Əfqan Şəfiyevin müəllifliyi ilə «Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyi» adlı bələdçi-məlumat kitabçası çapdan çıxıb.
   
   Nəfis şəkildə, gözəl poliqrafik üsulla nəşr olunmuş bu kitabda Azərbaycanda muzey işinin tarixi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 30 ildən çox bir dövrdə muzeylərə göstərilən qayğı və mədəniyyətimizin bu vacib sahəsi ilə bağlı bir çox məqamlar öz əksini tapıb. Yeni nəşrdə, həmçinin ulu öndərin «Azərbaycanda ideoloji işin daha da yaxşılaşdırılması haqqında» imzaladığı qərarından sonra respublikanın bir sıra rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaranması tarixindən də geniş bəhs olunur.
   Bələdçi-məlumat kitabçasında həmçinin muzeyin ayrı-ayrı bölmələri, habelə onun fondunda mövcud olan etnoqrafik materiallar əsasında bölgənin və bütövlükdə Azərbaycanın tarixinə dair məlumatlar, ulu öndərimizin irəli sürdüyü azərbaycançılıq prinsiplərinin ardıcıl olaraq davam etdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinə aid ekspozisiyanın yaradılması, Azərbaycan xalqının milli-azadlıq mübarizəsi, Qarabağ müharibəsi, 20 Yanvar, Xocalı soyqırımı, ölkəmizin apardığı daxili və xarici siyasət, neft strategiyası və iqtisadiyyatda olan nailiyyətlər, işğal olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində aparılan siyasət, tarixi hadisə və proseslərin də ekspozisiyada öz əksini tapması daha dolğunluqla ifadə olunur. Bələdçi-məlumat kitabçasının təqdirəlayiq məziyyətlərindən biri də, burada əks olunanların ingilis və rus dillərində qısa annotasiyalarının verilməsidir.
   Yeri gəlmişkən qeyd edilməlidir ki, son illər Astara Rayon Mədəniyyət və Turizm Şöbəsi, Əfqan Şəfiyevin müəllifliyi ilə «Qədim Astara» - Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri», YUNESKO - İCOM - Azərbaycan - Milli iftixarımızdır «Astara rayonunun tarixi-memarlıq abidələri», «Əsirlikdə təkcə torpaq qalmayıb»... (Qarabağın əsir düşmüş abidələri), «Onların qəhrəmanlığı bir əfsanədir» adlı təbliğat və reklam xarakterli çap məhsulları ictimaiyyətin istifadəsinə verilmişdir.

   Şahin Fərəməzov,
   Astara rayon MKS-nin əməkdaşı