Böyük ədibin əsərləri bu gün də gender məsələlərinin tədqiqi baxımından qiymətli mənbədir
   
   XIX əsrin əvvəllərinə qədər təhsildə yalnız Şərq qaydaları ilə idarə olunan Azərbaycan cəmiyyəti olduqca mühafizəkar idi. Tarixə nəzər saldıqda ilk maarifçi demokratlarımızın fəaliyyətinin çətin yollardan keçdiyini görürük. Cəhalət, mövhumat və nadanlıq şəraitində maarifçiliyi inkişaf etdirmək asan deyildi. Lakin bu inkişaf prosesinin özü cəmiyyəti formalaşdırdı. Bu baxımdan XIX əsrin ikinci yarısında Azərbaycanda qadınların vəziyyəti, cəmiyyətdə yeri, onlara münasibət və s. mövzuları tədqiq etməkdə dövrün ədib və mütəfəkkirlərinin əsərləri mühüm mənbə rolunu oynayır.
   
   Akademik Firudin Köçərli «M.F.Axundovun dünyagörüşü» kitabında qeyd edir ki, XIX əsrin ədibləri xalqın, xüsusilə də qadınların maariflənməsi yolunda mübarizə aparmaqla yanaşı, qadın hüquqlarına da geniş yer ayırırdılar. Maarifçilik Azərbaycanda məhz bu dövrdə təşəkkül tapmış və XX əsrin əvvəllərinə bütöv bir ideya, ictimai cərəyan kimi daxil olmuşdur. Bununla belə, maarifçilik ictimai şüurda müəyyən izlər buraxsa da, mühafizəkarlığın mənfi stereotiplərinə tam qalib gələ bilməmişdi. Məhz bu səbəbdən XX əsrə qədər Azərbaycanda dünyəvi təhsil sistemi üzrə qızlar üçün məktəblər yox idi. Bakıda ilk müsəlman qızlar məktəbi 1901-ci ildə böyük mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən açılmışdı.
   
   «Qadın surətlərinin yaradılması ədəbiyyatda böyük bir inqilab idi»
   
   XIX əsrdə maarifçilik Azərbaycan gerçəkliyinin qarşıya qoyduğu vəzifələrin həllinə kömək edə biləcək mədəni-ideoloji hərəkat kimi diqqəti xüsusi cəlb edir. Doğrudur, Azərbaycan özünün mədəni-mənəvi həyatı ilə Avropa mədəniyyəti nailiyyətlərini qavramağa hazır idi. Lakin Mirzə Kazımbəy düzgün demişdir ki, \"Qərb öz siyasəti ilə heç zaman Asiyada maarifi dirçəldə bilməz. Ölkəni yenidən quranlar onun öz içindən yetişməlidir\".
   Həmin dövrdə ölkəni yenidən quran ziyalılar sırasında Mirzə Şəfi Vazeh, Mirzə Kazımbəy, Həsən bəy Zərdabi daxil olmaqla, Mirzə Fətəli Axundzadənin adını xüsusi vurğulamaq gərəkdir. Belə ki, Azərbaycanda maarifçiliyin və demokratik ictimai fikrin formalaşması da böyük ölçüdə məhz onun adı ilə bağlıdır. Mirzə Fətəlinin istər fəlsəfi əsərlərində, istərsə də pyeslərində qadınların durumuna, onların həyat tərzinə çox geniş aspektdən yanaşılır və Azərbaycan qadınının yüksək düşüncə tərzi, dünyagörüşü təsvir olunurdu. Cəlil Məmmədquluzadənin sözləri ilə desək, «Mirzə Fətəli Şərq qadınını səhnəyə çıxarıb, orada danışdırıb, güldürüb, ağladıb və orada birinci dəfə kişilər içində izharı-vücud edib».
   Əbdürrəhim bəy Haqverdiyev isə həmin fikri başqa şəkildə ifadə edərək yazıb: «O zaman qadın surətlərinin yaradılması ədəbiyyatda böyük bir inqilab idi. Axundovun pyeslərində qadınlar kişilərdən daha ağıllı, daha gözüaçıq və düşüncəlidir. İlk dəfə M.F.Axundov deyib ki, qadının cəmiyyətdə həm mənəvi hüququ olmalıdır, həm də kişilərlə bərabər hüququ olmalıdır. Axundov o dövrdə mövcud dövlət quruluşlarından konstitusiyalı parlamentə üstünlük verir və belə hesab edirdi ki, parlamentin birinci əsası hüquq bərabərliyidir, yəni kişilərlə yanaşı qadınlara bərabər hüquq verilməlidir».
   
   Qadın azadlığı cəmiyyətdə azadlığın təbii ölçüsüdür
   
   Azərbaycan filosofu qadının cəmiyyətdə yeri, rolu məsələsinə dönə-dönə toxunur, ictimai həyatın bütün sahələrində qadınlara kişilərlə bərabər hüquq verilməsi fikrini qətiyyətlə müdafiə edirdi. Əsərlərinin təhlilindən göründüyü kimi, o, qadın azadlığını bütün cəmiyyətdə azadlığın təbii ölçüsü sayıb. Ədib yazır: “Şəriətin nə haqqı var ki, qadın tayfasını hicab ayəsi vasitəsilə daim həbsə atıb ömrü boyunca bədbəxt edir və yaşamaq nemətindən məhrum edir”.
   Beləliklə, M.F.Axundzadə yaşadığı dövrdə savadsız mollaların şəriət qaydalarından öz mənafelərinə uyğyn istifadə edib qızları və qadınları cəhalətə məhkum etmələrini tənqid edirdi. O, əsərlərində Azərbaycan qadınının hüquqsuzluğunu təsvir edərək, məhz bu hüquqsuzluqdan onların başına gətirilən amansız bəlaları ifşa edib.
   Mirzə Fətəl yazırdı ki, qadın tayfası azadlıq qaydalarında, \"cəmi hüquqi bəşəriyyətdə\" kişi tayfası ilə bərabər tutulmalıdır: \"Yevropa filosofları qadınları bütün insanlıq və azadlıq hüquqlarında kişilərlə şərik sayırdılar. Hətta bu gün o qitənin bəzi dövlətlərində qadınları məmləkəti idarə işlərinə daxil ediblər\". Bununla da həmin dövrdə öz dünyagörüşü ilə daha çox irəli getmiş maarifçi ədib Azərbaycan qadınının da cəmiyyətdə mühüm mövqe tutmasını təbliğ edirdi. Cəlil Məmmədquluzadə bu barədə yazırdı: «Mirzə Fətəlinin komediyalarının qadın tipləri əsrin məişətdən götürülmüş fotoqraf şəkilləri kimidir. Əsərlərdə təsvir edilən qadınlar məişətin qadın sifətlərinin bir canlı nümunəsidir. Orada qadınlar bir duru aynada görsənən kimi görsənirlər. Onun üçün orada biz müxtəlif tiplərə, müxtəlif sifətlərə rast gəlirik. Bu surətdə ki, bu əsərlər məişətin aynasıdır. Təbiidir ki, burada biz qadınların yaxşı sifətləri ilə pisini də, müsbət sifətləri ilə mənfisini də görə biləcəyik. Və qeyri-cürə də ola bilməz ki, qoçaq və bacarıqlı qadınlar içində («Hacı Qara») qorxaq və bacarıqsız qadın olmasın («Mürafiə vəkilləri») və habelə sədaqətli, doğru və dürüst qadından savayı hiylə və saxtakarlığa mail qadın tapılmasın («Mürafiə vəkilləri») və bu cürə ola bilməzdi».
   
   Cəhalətdən yaxa qurtarmağın yolu təhsildən keçir
   
   Bir sözlə, öz əsərlərində qadın surətlərinə geniş yer ayıran böyük mütəfəkkir onların dili ilə qadınların düşdüyü vəziyyəti onların cəmiyyətdəki hüquqsuzluğu ilə əlaqələndirirdi. Eyni zamanda o, qadın hüquqsuzluğundan istifadə edən kişilərin onları \"al-ver\" obyektinə çevirmələrini də pisləyirdi. Məsələn, “Hekayəti-Xırs-Quldurbasan” pyesində Pərzadın dili ilə qadın hüquqsuzluğunu göstərərək, onların ixtiyarının ya ata və ya əminin əlində olduğunu yazıb: «Ata və ya əmi qızları yalnız öz mənafelərinin xeyrinə kimlərəsə ərə verir, qızlar isə sakitliklə buna tabe olurdular». Yazıçı-filosof eyni zamanda çoxarvadlılığı pisləyirdi. Dramaturq “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” əsərində qadın personajlarının dili ilə çoxarvadlıllığın nə kimi faciələrə gətirib çıxardığını göstərib.
   Qadının cəmiyyətdə oynadığı rola böyük önəm verən müəllif öz müşahidələri əsasında qadınların kişilərdən daha iradəli, mənən güclü olduqlarını vurğulayırdı. Müəllif cəmiyyətdə baş verən bütün bəlaların kökünü kişi ilə qadın arasında bərabər hüquqların olmamasında, qadın hüquqsuzluğunda görürdü. Doğrudan da, həmin dövrdə kişilər qadınlara yuxarıdan aşağı baxır, qadınları avam hesab edir və onlara elə gəlirdi ki, qadın yalnız uşaq böyütmək, yemək bişirmək, qab-qacaq, paltar yumaq üçün lazımdır.
   Qeyd edək ki, XIX əsrin əvvəllərində qadınların üzləşdikləri cəhalətdən yaxa qurtarmağın yolunun məhz təhsildən keçdiyini deyən Mirzə Fətəlinin əsərləri bu gün də gender məsələlərinin öyrənilməsi, tədqiqi baxımından çox qiymətli mənbədir. Ona görə ki, yaşadığımız XXI əsrdə də bəzən qız və qadınlarımız məhz təhsil almadıqlarına, öz hüquqlarını bilmədiklərinə görə istər ailədə, istərsə də cəmiyyətdə problemlərlə üzləşirlər.
   
   Mehparə