Mirzə Ələkbər Sabir - 150
   
     
   Bu gün, 30 may Azərbaycan ədəbiyyatının korifeylərindən biri, millətsevər şair və pedaqoq Mirzə Ələkbər Sabirin anadan olmasının 150 ili tamam olur. Bütün ruhu, canı, qanı ilə xalqına bağlı olan Sabir özünəməxsus ədəbi irsi ilə milli ədəbiyyatımızı zənginləşdirdi.
  
 
   Şair çoxşaxəli yaradıcılığında çox sevdiyi uşaqlara da yer ayırdı, Azərbaycan uşaq ədəbiyyatının nadir incilərini yaradaraq millətinin balalarına hədiyyə etdi. Zaman gəldi ki, uşaqlar bu şeirlərlə dil açıb böyüdülər, bu şeirlərlə dilimizi, sözümüzü, vətənimizi, millətimizi, təbiətimizi sevdilər.
   Sabirin ölməz irsindən “Yaz günləri” şeirini xatırlayaq. Şeirin dili bulaq suyu kimi təmiz, sadə və aydındır. “Yaz günləri” təbiət hadisəsini vəsf etməklə yanaşı, həm də sabaha, gələcəyə ümiddir:
   
   Gəl, gəl, a yaz günləri!
   İlin əziz günləri!
   Dağda ərit qarları,
   Bağda ərit qarları.
   Çaylar daşıb sel olsun,
   Taxıllar tel-tel olsun.
   Ağaclar açsın çiçək,
   Yarpağı ləçək-ləçək.
   
   Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə yazır: “Uşaq şeirində əsas meyarlardan biri dildir. Şeirin dili yumşaq və həlim olmalıdır. Çünki uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə çörək yeyə bilmədiyi kimi, təfəkkürü formalaşmayan uşaq da dediyi sözlərin mənasını öyrənə bilməyəcək. Çünki ona ən əvvəl ilıq, aydın tələffüz olunan sözlər, bir növ təfəkkür lazımdır. Məhz Mirzə Ələkbər Sabir müəllim olduğu üçün “Uşaq və buz” şeirini çox aydın, sadə dildə yazmışdır”. Uşaqlıq dövrümüzü xatırladacaq Sabirin dillər əzbəri olan şeirinə bir daha nəzər salaq:
   
   Dərsə gedən bir uşaq
   Çıxdı buz üstə qoçaq;
   Sürüşdü birdən-birə,
   Düşdü üz üstə yerə.
   Durdu uşaq neylədi?
   Buza belə söylədi:
   “Sən nə yamansan, a buz!
   Adam yıxansan, a buz!
   Az qalıb ömrün sənin,
   Yaz gələr, artar qəmin:
   Əriyib suya dönərsən,
   Axıb çaya gedərsən!”

   1922-ci ildə “Hophopnamə”nin üçüncü, təkmilləşdirilmiş nəşri işıq üzü görür. Yeni nəşr öz həcminə görə ilk nəşrlərdən xeyli fərqlənir. Sabirin külliyyatına düşməyən bir sıra əsərlərini yeni nəşrə əlavə edirlər. Bu gün məktəblilər tərəfindən sevilə-sevilə oxunan, dillər əzbəri olan uşaq şeirlərinin yarısı - “Məktəb şərqisi”, “Cütçü”, “Ağacların bəhsi”, “Elmə təğrib” şeirləri ilk dəfə bu nəşrdə çap olunur.
   Uşaqların böyük həvəslə əzbərlədiyi və yaddaşlarına hopdurduğu, musiqi qədər axıcı “Cütçü” şeirini xatırlayaq:
   
   Çıxdı günəş, doldu cəhan nur ilə,
   Cütçü sürür tarlada cüt şur ilə.
   Atlar, öküzlər kotana güc verir,
   Gah yüyürür, gah yıxılır, gah durur.
   Cütçü batıb qan-tərə, yer şumlayır,
   Şumladığı tarlasını tumlayır.
   Olsa da artıq nə qədər zəhməti -
   İşləməyə var o qədər qeyrəti.
   Çünki bilir rahət əziyyətdədir,
   Şad yaşamaq səydə və qeyrətdədir.
   İmdi əgərçi ona zəhmət olar,
   Qışda əyali, özü rahət bular:
   Cəm edəcək tarlasının hasilin,
   Bəsləyəcək ailəsin, həm elin.
   
   Sabirin ən böyük amalı gənc nəsildə nəcib insani keyfiyyətlər tərbiyə etmək, onları elmə, təhsilə çağırmaq idi. Ədib uşaqları elmə, təhsilə səsləməklə yanaşı, cahilliyi, nadanlığı, tənbəlliyi, səhlənkarlığı tənqid edir. “Məktəbə təğrib” şeirindən bir parça:
   
   Mənim bağım, baharım!
   Fikri ziyalı oğlum!
   Məktəb zamanı gəldi,
   Dur, ey vəfalı oğlum!
   Ey gözüm, ey canım!
   Get məktəbə, cavanım!
   
   Sabirin uşaqlar üçün yazdığı “Qarğa və tülkü”, “Təbib ilə xəstə”, “Qoca bağban”, “Qarınca”, “Molla Nəsrəddinin yorğanı”, “Uşaq və pul”, “İsgəndər və fəqir”, “Azarlı kəndçi”, “Hörümçək və ipək qurdu”, “Yalançı çoban” və neçə-neçə şeiri sadə dillə yazılmış, böyük məna kəsb edən nəsihətlərdir. Məhz ona görə də zaman keçdikcə böyük şairin bir çox misraları atalar sözünə çevrilir, dillər əzbəri olur. Necə ki “Qarğa və tülkü” şeirində deyilir:
   
   Olmasaydı cahanda sarsaqlar,
   Ac qalardı yəqin ki, yaltaqlar.
   
   Mirzə Ələkbər Sabirin uşaq şeirləri Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil olan dəyərli sənət nümunələridir. Hələ çox yüz illər keçəcək, zaman-zaman Sabir yaşa dolub əsrlərin yaşıdı olacaq, onun bütün ruhu, qəlbi ilə yazdığı bu sənət inciləri isə nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə keçib Sabiri yaşadacaq.
   
   Təranə Vahid