Çağlar təb çeşməsi, ilahi kədər dəlisi, qəm məcnunu...
   
   “Gəl sanma Füzuli dərdini asan, ey təbib!..”
   Səlamün-əleykim, müasir həkim əfəndim! Sən də bu ali dərdə çarə axtarma, əzizim. “Bihudə bir iş”ə varma. Onnansa, kürreyi-ərz həmkarlarını başına yığ, könüllər həkiminin, qəlblər hakiminin bu şeirini dübarə mütaliə-müayinə edin. Həmin bu misradan əvvəl gələn “Sən qan almaqla yəqin, bir faidə verməzsən cana” məsləhət-məşvərəti üzərində bir “həbibi-təbib konsiliumu” keçirin. Baxın, görün, bu dərd sizlikmi?..
   
   “Ey təbib”(lər)!
   
   Öz tutiya təşbehlərilə bütün bənzətmələrdən çox uca, fitrətən son zirvə, fikrətən alimi-xoca, zikrətən ülamayi-mömin, sözün özü qədər qosqoca bu kişinin könül canını təpədən-dırnağa yoxlayın və onun xitab etdiyi o naməlum təbibi - beş yüz il öncəki sələfinizi təkləyib də - qınamayın. Nədən ki, qadam, bu “azari-bazar”, ümumiyyətlə, sizlik deyil. Nə “ol vəqt”lər, nə indilər, nə də çox nəsnələri ölsə də, sevgiləri heç zaman sönməyəsi gələcəkdə...
   
   “Və gər”...
   
   Əvvəla, Füzuli dünyasına yenicə qədəm qoyanlar üçün deyim ki, Füzuli diliycə bu “və gər” “və əgər” deməkdir. Bəs necə, “əməliyyat” tək elə sizə - can ustalarına xas deyil ki, - canan ustadına da aiddir. İkincisi, görün bu əməliyyatla öz zəmanəsinin hal-əhvalını necə diaqnoz edib:
   
   Əgər su damənin tutdum, rəvan üz döndərdi məndən,
   Və gər güzgüdən umdum sidq, əks-müddəa gördüm.
   
   Bəli, heca-üslub xatirinə neçə-neçə əməliyyat aparıb, bu Söz həkimi. Fikri “itmamə” yetsin deyə, “ki, ey şux”u “key şux” edib. Süleyman peyğəmbər quş dilini necə bilibsə, Süleyman oğlu Məhəmməd Füzuli də huş-guş dilini eləcə bilib...
   Məxləsə, əgər bu “dərd”in sizlik də olmasını istərsəniz, onda gərək “bəşəri-müalic” peşəsini buraxıb, “əşari-məlalət” tişəsindən yapışasınız. Sədayi-Məcnunluğa, bəlayi-Leyliliyə yol alasınız. Çevrənizdəki “düsturül-əməl”lərdən əl götürüb, “bəlayi-eşq” təməllərinə qol qoyasız. Gərək hər kəs öz səlamət başını “qıl aşina” qeylü-qalına sala. Adına “səri-kuyin yarın” deyilən məkanları özünə “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!” hesab edə. Dərd əlindən dağa çıxa, elə bilə ki, yaylağa qalxıb. O qəlb qəlbisində “əvvarə” qalıb, “möhnəti-səbr qılıb”, minbir xəyalata dala. O könüllər zirvəsindən düşəmməyib, öz “Hippokrat andı”na asi düşə. “Öylə sərməstəm ki, idrak etməzəm...” kimi qərarlar verib, “Neçin qılmaz mənə dərman, Məni bimar sanmazmı?” sayaq biəti-eşq səhhətinə qəsəm edə. Özünü “Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni” alxışlı qarğışlara tuta. Və nəhayət (?), sizlər zümreyi “səhhəti-can”, bizlər sənəti-irfan olaraq, bəşəri-şeiriyyətin bu “heyrət, ey büt!” kanı önündə bağır basıb, bir ortaq məxrəcə gələk. Gözəgörünməzə “ya rəbb, bu nə aləm?!”, sözəgəlməzə “bu nə təb?!” deyibən, Gözəl Allahımızın bu başdan-başa Sənət, təpədən-dırnağa Qəzəl Bəndəsinə “birnəfəsə” reqlamentli, “yarnəfəsə” temperamentli xitab edək. Özü də onun öz şeiriyyət-qəzəliyyatındakı “tapşırma” formatında:
   
   Ey Füzuli!..
   
   Əslində, bu dərd heç bizlik də deyil, babam! Deyəsən heç, heç kimlik deyil, ey söz mülkümüzün ən əbədi-ədəbi sarayı, sənət nəslimizin “ənkə böyüyü”! Bu öylə bir fenomenal-labirintal mülk ki, sifarişçisi də Sən özün, memarı da, icraçısı, bənnası, sakini də. “Bizim” hesab etdiyimiz “bu dünya bir pəncərədir - hər gələn baxar gedər”sə, Sənin dünyan al-əlvan bir mənzərədir - hər baxan axar gedər.
   
   “Artıran söz qədrini sidq ilə qədrin artırar,
   Bu nə sirdir kim, hər ləhzə yoxdan olur var, söz?..

   
   Bu hesabla Sənin sidqin nə qədər artmış olur, ustad?! Bunun qədər-miqdarını hesablamaqçün media, ədəbiyyat, dil institutları kontingentlərinin, sözün başına oyun açan bəzi ədib-ədəbiyyat agentlərinin, “- Leyli, Leyli! - Nədi, Məcnun?” oxuyan stilmentlərin cəmi statistikası bəs edərmi? Bəs bu “...hər ləhzə yoxdan olur var, söz” rəmzini necə bəzmi-həzm etməli? Yəni, doğrudanmı, Sən bu möcüzələri yazmağa başlamazdan əvvəl bu sözlər yerli-dibli yox imiş və birdən-birə, lapdan var olublar?
   Yəni həqiqətənmi bu iki misra da yoxdan var olub ki:
   
   Məndə Məcnundan füzun aşiqlik istedadı var”,
   Aşiqi-sadiq mənəm - Məcnunun ancaq adı var”?
   
   Əcəba (və əstəğfürullah), haqdan gələn:
   
   “Gər dersə Füzuli “gözəllərdə vəfa var”,
   Aldanma ki, şair sözü, əlbəttə, yalandır”
   
kimi sözlər necə “yoxdan var” ola bilər?
   Ey “rindü-şeyda”, “hər işi xəlqə rüsva”! Sənin “Sorsalar bu nə sevdadır” ehtimalın həmişə tətikdə olduğu üçün - yəni, “bu nə məntiqi-sevdadır” deyə sorasıların xatirinə, helmi yanaşmadan keçirəm ənənəvi “elmi anlaşma”ya.
   Deyirsən; “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Deməli, nə? Gözəllərdə vəfa yoxdur? Buna necə inanmalı? Axı bu “yoxdur”un özünü də “yalançı” şair deyir. Beləliklə, gözəllərdə vəfa var və yoxdur, yoxdur və var, var və yoxdur... Bu nə məntiq sillagizmi, nə həndəsi silsilə, ədəbi-əntiq zəlzələ?!.
   Səndə sözlər nazənin ədalı, fikirlər bülbül sədalı, mətləb-məramlar ecazi-laübalı! Hələ vurğu-durğu işarələri! Onların hamısı öz yerində - təqtilərə münasib, ritmlərə müntəzir. Sual işarələri isə... incə-mincə gəlin kimi, bığ yeri yenicə tərləmiş oğlan sayaq, “çiçəyi burnunda qız” misallı. “İnanarmı, inanmazmı?” “Usanarmı, usanmazmı?” “Məni bimar sanmazmı?” “Muradım şəmi yanmazmı?”
   Sənin bu eşq balası eşq şeirinin əvvəlində verdiyin sualı mən “qəsdən” axıra saldım (bir az da Sənin müasir əziz-xələfin Şəhriyarın “Gözəllərin axıra qalmışıydı” misrasının təsiri səbəbindən). Deyirəm, gör, Səni candan usandıran, verdiyi cəfadan isə usanmayan o gözəl Səndə bu qədər hicr-simptomlar yaratmasaydı, bu atom-misralar yaranardımı? Sənin “Mənə tən eyləyən qafil, Səni görgəc utanmazmı” nəzmini də nəsrə çəkək. Bəli, bütün aləmi-ətraf, saili-qafillər Sənə tənə edirlər ki, bu yaşda, bu başda, bu nam-nişanda adamsan, nə var, nolub, hansısa bir Yardan ötrü bu qədər ahu-zar edirsən! Başqa aşiqlər bu tənələri necə qarşılar, nə cavablar verərdilər, görəsən? Sənsə; “Səni görgəc utanmazmı?..” Sən ki bu bir kitablıq kommentarini üç kəlmədə, on doqquz hərfdə bu cür şərhi-bəyan edə bilmisən, dünyanın bütün əğyar hərifləri, huri-ədəbiyyatşünasları yığıla, Səni nəinki Azərbaycan, Turan, Şərq şeiriyyətinin, heç dünya poeziyasının da baş kürsüsündən, Birincilik nominasiyasından aşağı sala bilməz. Çünki Sən bu mətləbi heç kimin ifadə edə bilməyəcəyi yığcamlıqda, İlahi mübhəmlikdə, ali məhrəmlikdə deyə bilmisən. Sən, bütün başqalarından fərqli olaraq, nida ilə utandırılasılara bir suallıq möhlət verib, barışıq yeri qoymusan. Sən məsələyə hamıdan - bütün didaktiklərdən, patetiklərdən fərqli baxaraq, tutalım, “əgər tənəçilər mənim yarımın necə gözəl, hədsiz cazibədar, füsunkar, işvəkar, can alan, “qan salan”, filan-filan olduğunu bilsəydilər, mənə - niyə bu qədər qəm eləyirsən, hicrdən nəm çəkirsən, “bizi şahid tutuban, özünü şəhid edirsən” - deməzdilər” kimi təbiət təsvirləri, cəmiyyət təfsirləri işlətməmisən. Üçcə kəlmə ilə - bəşərin əzəli və əbədi atributu olan aşiq-məşuq, sevgi-məhəbbət dramındakı tənə, dedi-qodu səhnəsini gözəlliyin qələbəsi, özünün qalibliyinlə qapatmısan: “Səni görgəc utanmazmı?”!
   
   “Nalədəndir ney kimi...
   
   ...avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam, gər kəsilsəm bəndü-bənd”!
   Mənim özümün də bu misralara əşhədi-heyrətim var, ancaq, Bəxtiyar Vahabzadə - Xudu Məmmədov - Nurəddin Rza - Zeynal Məmmədov (“Bala Marks”) - Şahmar Əkbərzadədən ibarət o vaxtkı “milli beşliyin” iyirmi altı il bundan əvvəl Ağdamın Abdal-Gülablı sanatoriyasındakı növbəti “Füzuli söhbətləri”ndə edilən bir heyrəti xatırlatmağı daha yey hesab edirəm.
   Məclis arəstədir. Ətraf meşədə bülbüllər oxuyur və bu dəfə Qədir Rüstəmovun da iştirak etdiyi məclis başdan-başa Füzuli qoxuyur. Mənsə, bu Gülüstan şair haqda məlahətən deyilən sözləri, bədahətən doğulan fikirləri gülləyib, yaddaşıma köçürürəm. “Gələndə “Məhəmməd” gəldin dünyaya, Gedəndə “Füzuli” getdi dedilər”, “Sənət göylərində üzür Füzuli, Sənət-səmalardan öz qələmiylə Al-əlvan çiçəklər üzür Füzuli” misralarını söyləyib, üzünü müəllifə tutan Nurəddin: “Bəxtiyar müəllim, sən bizim bu Eşq mücəssəməmiz haqda çox yaxşı misralar yazmısan, amma, təəssüf, çox az yazmısan...” Bəxtiyar: “Əksinə, Nurəddin həkim, çox yazmışam, amma yaxşı yaza bilməmişəm. Əgər bircə dəfə mənim də başıma Füzuli eşqi vursaydı, mən də ona layiq bir şey yaza bilərdim!”
   Xudu: “Bu doyulmaz şairin hər misrası gəlin köçəsi qızlarımızçün cehizlikdir, bəy ərənlərimizə pak sevgilər aşılayan mənəvi dərslikdir, qocalar-qarılar üçün behiştlikdir...”
   Bayaqdan üzündə “şeytani” bir təbəssüm gəzən Şahmar: “Amma, ay Xudu müəllim, ay sirri-Xuda, sənin bu “cehizlik”, “dərslik” qənaətlərinə cınqılı bir əlavəm var...” Xudu müəllimin gülümsəyərək səsləndirdiyi “hə, yenə sonbeşiyimizin xatakarlığı tutub” replikasından sonra, Şahmar sözünə davam edir: “Yəni bu yan-yörəmizdəki cavan-comrullara elə gəlməsin ki, Füzuli babaları da, başqaları kimi, yalnız öyüd-nəsihət verən, “müsbət qəhrəmanlıq” təlqin edən, dünyəvi eşqi, əda-qidalıqlarının yarısı gizlin, yarısı aşkar olan sevgi-məhəbbəti yarlara yasaqlayandır. Yox, “Leyli və Məcnun”dakı bir səhnəni bir az nəsr, bir az nəzmlə ifadə edirəm: məktəbdə onlar səf-səf düzülüb edəndə sərəfraz, qızlar oğlanlara satanda işvəvü-naz, oğlanlar necə səbr pişə qılsın və gər səbri olsa, nişə qılsın?!”
   Hamı dərin ehtiram, klassik abır-həya ilə gülüb-gülümsünür və nəhayət, öz aralarında “beşliyin filosofu” adlandırdıqları Zeynal: “Görəsən... Füzuli zərif cinsin nümayəndəsi olsaymış da, bu əndazəli eşqə duruş gətirə, o dünyaya bu sayaq əxlaq, dözüm, həya bakirəliyilə köçə bilərdi?..”
   Ey Füzuli!
   O vaxtkı o sual kiminsə kimdənsə cavab gözlədiyi suallardan deyildi. O sual Sənin indiyəqədərki və innənsonrakı milyonlarla, milyardlarla “fəqir” oxucularından birinin Sənə dair növbəti heyrətlərindən biri idi.
   Yeni-yeni irfan-idrak tilsimlərinin açılımına doğru, ey Füzuli, ey beş yüz on səkkizinci ad gününü qutladığımız ulu və əbədi olu babamız!..
   
   Tahir Abbaslı