Aprelin 20-də Bakıda Çexiya viza mərkəzinin açılışı oldu. Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka mərkəzin yaradılması zərurətindən danışdı. Bildirdi ki, mərkəz Çexiyaya getmək istəyən Azərbaycan vətəndaşları üçün vizaların verilmə prosedurunu asanlaşdıracaq.

Onun sözlərinə görə, ötən il səfirlik 8500 Azərbaycan vətəndaşına viza verib. Onlar əsasən Karlovı Varı və Praqaya səfər ediblər: “Lakin biz digər şəhərlərimizi də azərbaycanlılara göstərməyə çalışırıq. İstəyirik ki, Azərbaycan vətəndaşları Çexiyanı gözəl bir turizm mərkəzi kimi yaxından tanısın. Ötən il Çexiyaya 13 milyondan çox turist səfər edib. Biz azərbaycanlı turistlərin bu sayın önəmli bir hissəsini təşkil etməsini arzulayırıq”.
Səfir onu da qeyd etdi ki, Çexiya ölkəmizlə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Bu səbəbdən Çexiya rəsmiləri ölkəmizə tez-tez səfər edirlər. Çexiya parlamentinin sədri Yan Hamaçek iyun ayında Azərbaycana gələcək. Qonaq I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
Diplomat Çexiya viza mərkəzinin 27 aprel tarixindən rəsmi fəaliyyətə başlayacağını bildirdi.
Qeyd edək ki, viza mərkəzi Azərbaycan və xarici ölkə vətəndaşlarına göstərilən xidməti daha da təkmilləşdirmək məqsədilə açılıb. Mərkəz Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında, “Demirçi Tower”in 2-ci mərtəbəsində yerləşir. Viza mərkəzinin saytı (www.vfsglobal.com) da yaradılıb. Sənədlərin qəbulu bazar ertəsi-cümə saat 09.00-dan 16.00-dək, vizaların verilməsi bazar ertəsi-cümə saat 11.00-dan 17.00-dək keçiriləcək.
Mərkəz yalnız qısamüddətli Şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və notarial xidmətlər (sənədlərin, imzaların təsdiqlənməsi və s.), əvvəllər olduğu kimi, Çexiya səfirliyinin konsulluq şöbəsində həyata keçiriləcək.
Mərkəzdə vizanın verilməsi prosesini «VFS.Global» şirkəti həyata keçirir. Baş menecer Cavid Həsənovun bildirdiyinə görə, bu ilin yanvarından fəaliyyətə başlayan şirkət hazırda Azərbaycanda Litva və Çexiyaya viza müraciətlərini qəbul edir: “Fəaliyyətimizi genişləndirməyi və yaxın gələcəkdə ölkələrin siyahısını artırmağı nəzərdə tuturuq. Hazırda Norveç səfirliyi ilə danışıqlar gedir, yaxın günlərdə bu ölkənin də viza mərkəzi işə başlayacaq. Turizm şirkətləri ilə əməkdaşlıq edirik. Düşünürəm ki, belə bir mərkəzin fəaliyyəti Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri zamanı daha rahat şəkildə viza almasına imkan verəcək”.
«VFS.Global»ın Türkiyədəki partnyoru olan «Gaterway Management» şirkətinin baş direktoru Halis Çakmakın sözlərinə görə, belə mərkəzlərin yaranması azərbaycanlı turistlər üçün əlverişli imkandır: «Bundan sonra Azərbaycan vətəndaşları bu mərkəzə müraciət etməklə asan yolla viza ala biləcəklər. Biz Türkiyədə 16 ölkənin viza mərkəzini yaratmışıq. Gələcəkdə həmin ölkələrin Azərbaycanda da viza mərkəzini yaratmağı düşünürük. Mühüm məsələlərdən biri də belə mərkəzlərin Azərbaycanın regionlarında fəaliyyətini qurmaqdır. Bundan başqa, mobil xidmət təşkil edəcəyik. Bu yolla viza üçün müraciət edən vətəndaşın evinə gedib onun müraciətini oradaca həll edəcəyik. Türkiyədə artıq bu təcrübədən istifadə etmişik və çox yaxşı effekt verib. Düşünürəm ki, bu yolla eyni zamanda Azərbaycanda turizmin inkişafına da öz töhfəmizi vermiş olarıq».


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar