İranın Mazandaran əyalətindən Bakıya sərnişin daşımaları məqsədilə gəmi reysinin açılması planlaşdırılır. Bunu azərbaycanlı jurnalistlərə açıqlamasında əyalətin başçısı Rəfi Fəllah Cilodar deyib.
Onun sözlərinə görə, hazırda Bakı ilə İranın bəzi limanları arasında dəniz nəqliyyatı işləyir, lakin turizmin inkişafı üçün sərnişin daşımaları sahəsində gəmi reysləri yoxdur: “Odur ki, biz birbaşa dəniz reysinin açılması istiqamətində işləyirik. Yaxın vaxtlarda bu reysin açılmasını gözləyirik».
O, həmçinin Mazandaran əyalətindən ölkəmizə ixracatın həcmini artırmaq, birbaşa gediş-gəlişlərin təşkili məqsədilə Sari şəhərində Azərbaycanın konsulluğunun açılmasını təklif edib: «Bununla bağlı məsələ İranın Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq. Əgər Azərbaycan tərəfi də razılıq verərsə, bu işi həyata keçirməyə hazırıq”.
Fəxriyyə Abdullayeva