“Bakı-2015” Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərin üz tutacağı məkanlardan biri də İçərişəhər olacaq. İçərişəhərin tarixi ilə tanış olmaq üçün 20-yə yaxın məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur. Buradan audiobələdçilər əldə etmək mümkündür. Audiogidlərə Azərbaycan, rus, ingilis, fransız və ispan dillərində məlumat daxil edilib.
Xarici qonaqlara yardımçı olmaq üçün Avropa Oyunları zamanı İçərişəhərdə könüllü tərcüməçilər də fəaliyyət göstərəcək. Bundan başqa, qoruq ərazisində müxtəlif tədbirlər keçiriləcək. Bunlardan biri də ənənəvi Qız qalası beynəlxalq incəsənət festivalıdır. Bu il festival 6-cı dəfə təşkil olunacaq. Festivalın tarixi Avropa Oyunlarına görə dəyişdirilərək iyunun 11-dən 14-dək keçiriləcək. Qoruq ərazisində turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Qonaqlar qədim şəhərdə Qız qalası və Şirvanşahlar sarayı muzey kompleksləri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalı, Miniatür Kitab Muzeyi, Vaqif Mustafazadə, Tahir Salahov və Kamil Əliyevin ev-muzeyləri ilə tanış ola biləcəklər.
Birinci Avropa Oyunları ilə bağlı mədəniyyət ocaqlarının fəaliyyət saatının artırılması da gözlənilir. Avropa Oyunları zamanı İçərişəhərin ərazisində yerləşən hotellər, kafe və restoranlar da gücləndirilmiş rejimdə çalışacaqlar.
Fəxriyyə Abdullayeva