İkiillik layihə müddətində kursu bitirənlərin əksəriyyəti işlə təmin olunub

Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində 2013-cü ildən fəaliyyətə başlayan təhsil-təlim mərkəzi işini davam etdirəcək.

Bu barədə qəzetimizə açıqlamasında layihənin koordinatoru Səbinə Babayeva bildirdi. Onun sözlərinə görə, «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» layihə üzrə görülən işlərin effektini nəzərə alaraq, həm Mədəniyyət və Turizm Nazirliyi, həm də BMT-nin İnkişaf Proqramı layihəni davam etdirmək qərarına gəlib: “Layihə çərçivəsində 203 nəfər gənc müxtəlif istiqamətlər üzrə kurs keçib. Onlardan 143 nəfəri işlə də təmin olunub. Təhsil-təlim mərkəzində aşpaz, barmen-ofisiant-front ofis, turagent, somalye ixtisasları üzrə mütəxəssis hazırlanır. Bundan başqa, ingilis dili, konfliktologiya, etika, estetika, psixologiya, sanitariya, ünsiyyət fənləri tədris olunur”.
Layihə çərçivəsində görülən işlərdən danışan həmsöhbətimiz bildirdi ki, ötən müddətdə Bakı Turizm Peşə Məktəbinin idarəetmə sistemi gücləndirilib, tədris və təlim planları təkmilləşdirilib. Layihədə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması, xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud problemlərin həll edilməsinə yardım nəzərdə tutulub. Yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, tələbələri üçün isə ixtisas üzrə müvafiq təlim kursları, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlər təşkil olunub. Praktik dərslər müvafiq avadanlıqlarla təchiz olunmuş otaqlarda keçirilib.
Səbinə Babayeva qeyd etdi ki, layihədə beynəlxalq əməkdaşlığa böyük önəm verilir. Mərkəzdə kursları Türkiyə və Ukraynadan dəvət edilmiş mütəxəssislər aparıblar.
Layihə koordinatoru mərkəzin tədris planının üç əsas hissədən ibarət olduğunu deyir. Birinci mərhələdə xidmət sahəsində çalışanlar və çalışmaq istəyənlər üçün ofisiant, ev təsərrüfatı, resepşn və barmen-şərabçı ixtisasları üzrə təlimlər təşkil edilib: “İkinci mərhələ səyahət agentləri üçün təlimləri nəzərdə tutur. Qlobal səyahət və turizm sənayesi üçün tanınmış İT təminatçısı olan “Amadeus GDS” bu komponent üzərində layihə komandası ilə sıx çalışıb. Onlar bilet sifarişi və səyahət məsləhətçiliyi ilə bağlı fundamental kurslar üçün texniki proqram hazırlayıblar və pulsuz onlayn kurslar keçiblər. Bu, Azərbaycanda turizm məsləhətçiliyi sahəsində təşkil olunan ilk peşəkar kursdur. Nəhayət, tədris planının ən «dadlı» hissəsi aşpazlar üçün kursdur. Kurs ərzində gələcək aşpazlar məşhur olan Avropa və Asiya yeməklərinin, habelə Azərbaycan milli mətbəxinin nümunələrini hazırlamağı öyrənirlər. Kursların özəlliyi tələbələrə sərbəstliyin verilməsidir. Bu zaman onların yaradıcılıq üçün daha çox imkanı olur».
Səbinə Babayeva onu da bildirdi ki, kursları bitirənlərə Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən təsdiqlənən sertifikat verilir: “Turizm sənayesi üçün böyük potensial, eləcə də nəzərəçarpacaq infrastruktur və institusional irəliləyişlərə baxmayaraq, bu sahədə həlli vacib problemlər qalmaqdadır. Bu problemlərdən biri də ixtisaslı kadrlar tərəfindən keyfiyyətli xidmətin təmin edilməsidir. Əminəm ki, bu layihə Azərbaycanın turizm sənayesinin rəqabət qabiliyyətliliyini artıracaq».

Kursları bitirənlərin iş tapmasında problem olmur

Təhsil-təlim mərkəzinin kursları müvəffəqiyyətlə bitirib hazırda işləyən bir neçə məzunu ilə həmsöhbət oluruq. Aşpazlıq kursunu bitirəm Nicat Qasımovun 23 yaşı var. Hazırda «Fairmont Baku» mehmanxanasında çalışır. İşindən razılıq edir: «Kurslarda dərslər çox peşəkarlıqla keçilirdi. Elə buna görə də məzunların iş tapması çətin olmur. Bu kursların bir özəlliyi də odur ki, təşkilatçılar tələbələrə iş tapmaqda da yardımçı olurlar».
Yelena Moskalyeva da bu kursları uğurla bitirib. Onun sözlərinə görə, işini bilsə də, CV hazırlamaq və müsahibədə davranış bacarığı olmadığı üçün iş tapa bilmirmiş: «Müsahibə bacarıqlarımın zəifliyi və təcrübəsizlik üzündən əvvəlcə müvəffəqiyyət qazana bilmədim. Layihə komandası professional portfelimi inkişaf etdirmək üçün mənimlə çalışdı və xeyli sınaq müsahibələri keçirdi. Bu bacarıqları öyrəndikdən sonra asanlıqla iş tapa bildim. Ona görə də bu layihəyə çox borcluyam».
Cahangir Babayev isə şərabçılıq kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat alan xidmət sahəsi işçilərindən biridir: «Şəhərin nüfuzlu bir barında işləmək arzum idi, lakin ixtisaslaşmadığıma görə heç vaxt belə bir iş tapa bilmirdim. Keçirilən təlimlər və sertifikat mənim arzuladığım işi tapmağı mümkün etdi. Hazırda tanınmış bir gecə klubunda işləyirəm».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar