Ölkəmiz bu məsələdə Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq edir

Dəqiq statistika, digər sahələr kimi, turizm üçün də vacib şərtdir. Planlaşdırma, konsepsiya və inkişaf proqramlarının hazırlanması və tətbiqi statistik məlumatların toplanması, təhlili və istifadəsindən asılıdır. Digər yandan, turizm sektorunun təmsilçiləri öz fəaliyyətlərini qurarkən digər sahələrin statistik göstəricilərini də nəzərə almalıdırlar. Belə olan halda turizm statistikasının da ən qabaqcıl təcrübə üzərində qurulması zəruridir.
Bunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə «2011-2012-ci illər üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı» çərçivəsində Bakıda 3 regional seminar təşkil etdi. Bu gün Azərbaycanda turizm statistikası necə hazırlanır?
Nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev deyir ki, turizm statistikasında bir sıra yeni təhlil formalar tətbiq edilir və təhlillər zamanı Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə əsasən bir sıra elementlər nəzərə alınır: “Məsələn, ölkəmizə səfər edən xarici vətəndaşların məmnuniyyət dərəcəsini, onların Azərbaycan haqqında təsəvvürlərini öyrənmək, eləcə də yerli vətəndaşların xarici ölkələrə getmək tendensiyalarının araşdırılması məqsədilə müxtəlif sorğular keçirilir. Bu sorğuların bəzilərinin nəticələri artıq yekunlaşıb. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə bu işin daha dəqiq aparılması, problemlərin aidiyyəti qurumlarla birgə müzakirə əsasında həll edilməsi üçün turizm statistikası üzrə işçi qrup yaradılıb. Müxtəlif qurumların - Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bankın nümayəndələri bu qrupa cəlb edilib. Bu qurumlar arasında statistik məlumatların sürətli mübadiləsi, məsləhətləşmələr, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görülür”.
İşçi qrupun sonuncu iclasında turizmin ümumi daxili məhsulda çəkisi, xarici turistlərin ölkəmizdəki xərclərinin ölkə iqtisadiyyatında rolu, turizm sahəsinə qoyulan yerli və xarici investisiyalar müzakirə edilib. Statistika Komitəsi tərəfindən turizmlə bağlı təqdim edilən məlumatlar (turizm müəssisələri və mehmanxanalar, ölkə sərhədlərini keçən Azərbaycan və xarici ölkə vətəndaşlarının statistikası və s.) qrup tərəfindən təhlil edilir, müvafiq təkliflər hazırlanır. Həmsöhbətimin bildirdiyinə görə, BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə Mədəniyyət və Turizm Nazirliyi yaxından əməkdaşlıq edir: «Bu əməkdaşlıq çərçivəsində Ümumdünya Turizm Təşkilatı tərəfindən hazırlanan turizm statistikasına dair nəşrlərdə Azərbaycana dair məlumatlar bizimlə razılaşdırılır və yeni məlumatlar bu quruma təqdim edilir».
«Statistika hazırlanarkən, kimlər turist hesab olunur» sualımıza C.Abdullayev belə cavab verdi: «Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə uyğun olaraq, işgüzar, istirahət və yaxud da hər hansı bir başqa şəxsi məqsədlə, haqqı ödənilən fəaliyyət olmamaq şərtilə, 24 saatdan bir ilə qədər müddətdə müvəqqəti səfər edən şəxsə turist deyilir. Azərbaycanda da turizm statistikası hazırlanarkən bu amillər nəzərə alınır».
Daxili turizm statistikasının hazırlanmasına gəlincə, bu iş müxtəlif istiqamətdə aparılır. Bunun üçün Bakı şəhərində və regionlarda fəaliyyət göstərən turizm müəssisələrindən yerləşdirilən şəxslərlə bağlı mütəmadi olaraq məlumatlar alınır, bu məlumatlardan da təhlillər zamanı istifadə edilir. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daxili turizmdə statistik məlumatların yığılması məqsədilə sorğular da keçirilir.

F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar